AZ

Arayikin ifadələri Ermənistanın imitasiya etməyə çalışdığı həqiqətlərin etirafıdır - RƏY

Arayik Harutunyanın məhkəmədə verdiyi ifadələr tam gerçəkliyi ilə məlum olan, amma 30 ilə yaxın müddətdə Ermənistanın imitasiya etməyə çalışdığı həqiqətlərin etirafıdır.

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O xatırladıb ki, Azərbaycanın 20 faizə yaxın ərazisini məhz Ermənistan işğal edib və 30 ilə yaxın bu işğalı davam etdirib: 

"Beynəlxalq aləmdə Azərbaycan ərazilərinin işğalı faktına don geyindirmək üçün Ermənistan bu işğalı ermənilərin “milli müqəddəratı” ilə əsaslandırmaq üçün uğursuz cəhdlər edib. Ermənistan və onun havadarlarının 30 ilə yaxın müddətdə pərdələməyə çalışdığı həqiqətləri Arayik Harutunyan məhkəmədə etiraf etməklə əslində Ermənistanı ifşa edib".

V. Qafarovun sözlərinə görə, Arayik Harutunyan öz ifadəsiylə bəyan edir ki, Xankəndidəki keçmiş qondarma rejim Ermənistan tərəfindən yaradılıb, maliyyələşdirilib və idarə olunub:

"O etiraf edir ki, Qarabağda yerləşdirilən və Azərbaycana qarşı vuruşan Ermənistan ordusu olub. Bu ordu Ermənistan ordusunun baş qərargahına tabe olub, onun tərəfindən idarə olunub. Arayik Harutunyanın ifadələri Azərbaycan ərazilərinin məhz Ermənistan ordusu tərəfindən işğal olunduğunun, Xankəndidəki qondarma rejimin də məhz İrəvan tərəfindən yaradıldığının və idarə olunduğunun erməninin öz dilindən etirafı və bəyan edilməsidir".

Deputat əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı və bu işğal nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlara görə Ermənistan məsuliyyət daşıyır:  "Ermənistan bu məsuliyyətdən qaça bilməz".

Qeyd edək ki, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Harutyunyan ifadə verərək Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, “Qarabağ müdafiə ordusu” da Ermənistan silahlı qüvvələrinə daxil idi.

Seçilən
19
1
report.az

2Mənbələr