AZ

Novruzda Azərbaycan turistlərini nə gözləyir? - ARAŞDIRMA

Novruz bayramı Azərbaycanda təkcə xalqın qədim ənənələrini yaşatmaqla deyil, həm də ölkənin turizm sektorunu canlandırmaqla diqqət çəkir. Uzunmüddətli qeyri-iş günləri insanlara istirahət və səyahət üçün əlavə imkan yaradır. Bu il isə Novruzun Ramazan ayına təsadüf etməsi turizm trendlərinə xüsusi təsir göstərir.

Turizm mütəxəssisləri bildirirlər ki, bayram günlərində həm ölkədaxili, həm də beynəlxalq səyahətlərə maraq artsa da, Ramazanın təsiri ilə bəzi insanlar aktiv istirahət planlarından imtina edərək, daha sakit şəraitdə bayram keçirməyə üstünlük verirlər. Bunun nəticəsində tələbatın kəskin artmaması hotellərdə qiymətlərin ötən illərlə müqayisədə sabit qalmasına səbəb olub.

"Report"  mövzu ilə bağlı araşdırma apararaq, turizm sektorundakı vəziyyəti, hotellərin doluluq səviyyəsini və qiymət dəyişikliklərini öyrənib.

Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov bildirir ki, bu il Novruz bayramı qeyri-iş günlərinin ardıcıl bir həftədən çox olması insanların daha rahat plan qurmasına şərait yaradır:

“Novruz bayramı günlərində ölkə daxilində və xaricdə geniş turizm təklifləri təqdim olunur. Ən çox tələb olunan istiqamətlər sırasında Türkiyə, Gürcüstan, Misir, Maldiv adaları, Doha və Dubay kimi məşhur turizm məkanları var. Ölkə daxilində isə Qəbələ, Quba, Şəki, İsmayıllı və Naftalan kimi bölgələrdə hotellər müxtəlif kampaniyalarla turistləri cəlb etməyə çalışırlar”.



O qeyd edib ki, Novruz bayramının Ramazan ayına təsadüf etməsi bəzi müsəlman ölkələrinə tələbatın nisbətən azalmasına səbəb olsa da, qeyri-müsəlman ölkələrə və kurort zonalarına maraq artıb. Bununla yanaşı, yerli turistlər üçün Azərbaycanın dağlıq və kurort bölgələri ən çox seçilən istiqamətlərdən biridir. Ölkə daxilində fəaliyyət göstərən hotellər öz növbəsində müxtəlif kampaniyalarla turistləri cəlb etməyə çalışırlar.

Digər tərəfdən Ramazan ayı səbəbindən bəzi vətəndaşlar aktiv səyahətdən imtina edərək, olduqları yerdə istirahət etməyə üstünlük verirlər. Bu da turizm sektorunda tələbatın kəskin artmamasına və qiymətlərin ötən illərlə müqayisədə sabit qalmasına təsir edir".


5 ulduzlu hotellərdə yer yoxdur

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirir ki, bayram günlərində hotellərdə doluluq səviyyəsi yüksəkdir:

“Bəzi 5 ulduzlu hotellərdə Novruz bayramı günlərində artıq yerlər qalmayıb. Müştərilər əsasən öncədən rezervasiya etməyə üstünlük verirlər. Hər il olduğu kimi, bəzi hotellər artıq bayram günlərinə yaxın satışları bağlayır. Digər hotellərdə isə müştəri axını böyükdür”.

S. Dübəndinin sözlərinə görə, lüks hotellərdə iki nəfərlik, səhər yeməyi daxil bir gecəlik qiymətlər 275-450 manat arasında dəyişir. Daha münasib qiymətə istirahət etmək istəyənlər üçün 4 və 3 ulduzlu hotellər, "A-frame" evlər, çadırlar və digər alternativ yerləşmə variantları təqdim olunur.

Qiymət artımı və satış kanallarında fırıldaqçılıq

Bununla yanaşı, o, Azərbaycanda turizm sektorunda qiymətlərin tənzimlənməsi ilə bağlı ciddi problemlərin olduğunu vurğulayıb: "Ümumilikdə, qiymət formalaşması ilə bağlı biz, Assosiasiya olaraq, çox narazıyıq. Bu məsələyə təsir etmək üçün nəzarət qurumlarına müraciət etməyi və görüşlər keçirməyi düşünürük. Dövlət orqanları biznesin qiymət siyasətinə qarışa bilmədiklərini bildirsələr də, müəyyən tənzimləmə mexanizmləri tətbiq edilməlidir. Əks halda, qeyri-sağlam rəqabət yaranır".

S. Dübəndi bildirir ki, qiymətlərin süni şəkildə aşağı salınması və bazarda qeyri-sağlam rəqabət formalaşması müəyyən çətinliklər yaradır:

“Bəzi yeni açılan hotellər və qonaq evləri bazarda möhkəmlənmək üçün böyük endirimlər edir. Məsələn, normalda 100 manata olan otaq 30-50 manata təklif olunur. Bu, bir tərəfdən müştərilər üçün sərfəli görünsə də, uzunmüddətli perspektivdə sektorda balansın pozulmasına və xidmət səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bu problem təkcə Bakıda deyil, həm də regionlarda müşahidə olunur”.

Bundan əlavə, sosial şəbəkələr və bəzi qeyri-rəsmi platformalar vasitəsilə hotellərin və turizm xidmətlərinin qeyri-rəsmi satışı zamanı dələduzluq hallarına da rast gəlinir. Bu il bayram günlərində insanlar daha çox münasib qiymətə yerləşmə yerlərini seçməyə və xərclərini optimallaşdırmağa çalışırlar. Mütəxəssislər vətəndaşlara yalnız rəsmi turizm agentliklərindən və etibarlı mənbələrdən xidmət almağı tövsiyə edirlər.


Turizm sektorunda planlaşdırma və tövsiyələr

Turizm mütəxəssisi bayram ərəfəsində istirahət planlaşdıran hər kəsə öncədən rezervasiya etməyi tövsiyə edir: "Öncədən planlaşdırma həm daha geniş seçim imkanları yaradır, həm də daha sərfəli qiymətlərlə yerləşmə əldə etməyə kömək edir. Qəfil bahalaşma və ya yer tapılmaması ilə qarşılaşmamaq üçün büdcəni əvvəlcədən müəyyən etmək vacibdir.

Bununla yanaşı, alternativ yerləşmə variantları da nəzərdən keçirilməlidir. Hotellərlə yanaşı, qonaq evləri, dağ evləri və ekoturizm məkanları da sərfəli seçim ola bilər. Hər halda hotellər və turizm paketləri üçün yalnız etibarlı mənbələrdən sifariş vermək tövsiyə olunur".

Nəticə olaraq, Novruz bayramı Azərbaycanın turizm sektoruna ciddi təkan verir. Bu dövrdə turizm bazarındakı aktivlik artdığı üçün həm sahibkarlar, həm də turistlər üçün planlı və strateji yanaşma vacibdir.
Seçilən
25
report.az

1Mənbələr