Finss.az - İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında mühüm açıqlamalar verib.
Cəfərov bildirib ki, Sənaye 4.0 Mərkəzi bu il fəaliyyətə başlayacaq və burada texnologiya şirkətləri öz məhsullarını təqdim edəcəklər. Mərkəzdə süni intellekt və digər sənaye texnologiyaları ilə bağlı həllər nümayiş etdiriləcək.
O, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı 2030-cu ilə qədər 650 şirkətin Sənaye 4.0 Hazırlıq Proqramından keçməsinin planlaşdırıldığını vurğulayıb. Bu proqramın məqsədi, texnologiyaların sənaye sektoruna inteqrasiyasını asanlaşdırmaq və şirkətlərin bu sahədə inkişafını təmin etməkdir.
Fariz Cəfərov qeyd edib ki, Mərkəz həmçinin, bu texnologiyaların sənaye qurumlarına əlçatanlığını təmin etmək və onlara bu sahədə dəstək vermək məqsədini güdür.