AZ

EY-nin İstanbulda nəqliyyat böhranı haqqında araşdırması - Çıxış yolu varmı?

İstanbulda taksilər təkcə nəqliyyat vasitəsi deyil, 16,9 milyon sakinin həyat keyfiyyətinin və hər il meqapolisə səfər edən 17,4 milyon turistin təəssüratlarının asılı olduğu şəhər infrastrukturunun mühüm hissəsidir. Lakin bu gün bu sistem ciddi böhran içindədir: nəqliyyat vasitələrinin çatışmazlığı, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslərin payının yüksək olması və köhnəlmiş tənzimləmə mexanizmləri sərnişinlər, sürücülər və şəhər iqtisadiyyatı üçün ciddi problemlərə səbəb olur.

Beynəlxalq konsaltinq şirkəti EY-nin apardığı araşdırma göstərir ki, İstanbulda hər 1000 nəfər sakinə cəmi 1,3 taksi düşür ki, bu da dünya üzrə orta göstəricidən 7,5 dəfə azdır. Nəticədə şəhər sakinlərinin 86%-i ehtiyacı olanda avtomobil tapmaqda çətinlik çəkir, 33%-i isə ümumiyyətlə taksi tapa bilmir. Son 30 ildə tələbatın 3,7 dəfə artmasına baxmayaraq, bazarda avtomobillərin sayı faktiki olaraq dəyişməz qalıb. Bu, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar üçün münbit zəmin yaradır: sakinlərin üçdə biri “boz” taksilərdən istifadə edənləri tanıyır və bu məsələdə əsas rolu qiymət amili oynayır.

İqtisadiyyat həm də bu sahədə gəlirlərin səmərəsiz bölüşdürülməsindən zərər çəkir. Mənfəətin çox böyük hissəsi lisenziya sahiblərinin və vasitəçilərin əlində toplanır, sürücülərin özləri isə qeyri-mütənasib şəkildə kiçik gəlir əldə edirlər. Şəhər vergi daxilolmalarından məhrum olur, göstərilən xidmət keyfiyyəti isə aşağı qalmaqda davam edir. Bu, xüsusilə turizm sahəsində özünü daha bariz nümayiş etdirir. Belə ki, şəhərə gələn qonaqların yarıdan çoxu fırıldaqçı sürücülərdən, qiymətlərin yüksək olmasından və marşrutların uzunluğundan şikayətlənir. Dil fərqi və rahat rəqəmsal xidmətlərin olmaması səfərlərin komfortlu təşkili imkanlarını aşağı salır.

Böhran onilliklər boyu davam edən struktur problemlərindən qaynaqlanır. Taksi lisenziyaları xidmət səviyyəsinin yüksəldilməsi vasitəsi kimi deyil, miras kimi ötürülən investisiya aktivi kimi qəbul edilir. Rəqabətin olmaması innovasiyaların tətbiqinə mane olur, sürücülərin isə yalnız 30%-i sifarişlər üçün xüsusi tətbiqlərdən istifadə edir ki, bu da tariflər və marşrutlar baxımından mübahisələrə səbəb olur. Şəffaflığın olmaması həm sərnişinlər, həm də sürücülər arasında narazılığı artırır.

Bununla belə, modernləşmə vəziyyəti kökündən dəyişə bilər. EY-nin araşdırmasına görə, rəqəmsal həllərin tətbiqi və şəxsi icarə avtomobilləri (ingiliscə Private Hire Vehicles, PHV) sisteminin inkişafı avtomobil çatışmazlığını aradan qaldırmaqla yanaşı, bu sahənin iqtisadiyyata verdiyi töhfəni artıra bilər. 70000 rəqəmsal taksinin və 89000 şəxsi icarə avtomobilinin  şəhər sisteminə inteqrasiyası 95000 yeni iş yerinin yaradılmasına və büdcəyə vergi daxilolmalarının 7 milyard ABŞ dolları artmasına səbəb olacaq ki, bu da İstanbulun ÜDM-nin illik 1,8% artmasına gətirib çıxaracaq. Sürücülərin gəlirləri isə dinamik qiymət formalaşması və boş səfərlərin azalması sayəsində 23% arta bilər.

Həm şəhər sakinləri, həm də turistlər müsbət dəyişiklikləri hiss edəcəklər. Taksi gözləmə müddəti 5 dəqiqədən az olacaq, xidmətdən məmnunluq səviyyəsi isə 60%-dən çox artacaq. Müasir, təmiz və ekoloji cəhətdən təmiz avtomobillər İstanbulun turistlər üçün rahat meqapolis imicini yüksəldəcək.

Araşdırma müəllifləri hesab edirlər ki, bu məqsədlərə çatmaq üçün konkret addımlar atılmalıdır. İlk növbədə, səfərlərin rəqəmsallaşdırılması tələb olunur ki, bu da bazarın şəffaflığını və ədalətli vergitutmanı təmin edəcək. PHV-lər üçün dəqiq standartların müəyyən edilməsi, sistemə tədricən yeni nəqliyyat vasitələrinin əlavə edilməsi və taksi operatorlarının lisenziyalaşdırılması xidmət səviyyəsini yüksəltməyə imkan verəcək. Bundan başqa, dinamik qiymət formalaşması da mühüm rol oynayacaq. Belə ki, tariflərin tələbata, yollardakı sıxlığa və hava şəraitinə uyğunlaşdırılması nəqliyyatın əlçatanlığını və sürücülərin gəlirlərini artırmağa şərait yaradacaq.

İslahatların bəhrəsini hamı hiss edəcək. Sərnişinlər şəffaf tariflər, rahat rəqəmsal həllər və təhlükəsiz səfər imkanı, sürücülər isə layiqli əməkhaqqı və komfortlu iş şəraiti əldə edəcəklər. Şəhər də bu baxımdan istisna deyil. Belə ki, İstanbul vergi gəlirlərinin artmasından, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasından və turistlər üçün cəlbediciliyin yüksəldilməsindən faydalanacaq. Türkiyənin ən böyük şəhərinin təcrübəsi taksi bazarının modernləşdirilməsinin təkcə mümkün deyil, həm də zəruri olmasının əyani nümunəsidir.

Bu, Bakı üçün də qiymətli nümunə ola bilər, çünki şəhərimizin oxşar problemləri də analoji həllər tələb edir.

Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr