“Google” süni intellektlə dələduzluq mesajlarını aşkarlayacaq.
Valyuta.az xəbər verir ki,“Google” android ekosistemini gücləndirmək üçün yeni təhlükəsizlik və funksional yenilikləri təqdim edib. Yeniliklər arasında “Google mesajlar" tətbiqinə süni intellekt dəstəyi ilə dələduzluq mesajlarının aşkarlanması funksiyası, “find my” tətbiqində canlı yer paylaşımı və “pixel” cihazlara özəl bir sıra yeni imkanlar yer alır.
"Google mesajlar" tətbiqinə əlavə edilən yeni funksiya, sms, mms və rcs mesajlarını analiz edərək şübhəli məzmunları müəyyənləşdirəcək və istifadəçiləri xəbərdar edəcək. Sistem ilkin olaraq ABŞ, Böyük Britaniya və Kanadada ingilis dilində istifadəyə verilib, lakin gələcəkdə daha çox ölkə və dil üçün əlçatan olacaq.
“Find my”a gələn yenilik isə canlı yer paylaşımı ilə bərabər itirilmiş cihazların tapılmasını və dostlarla daha asan görüşməni təmin edəcək. “Pixel 9” cihazları üçün çoxlu kamera axını, peyk üzərindən mesajlaşma və inkişaf etmiş transkripsiya funksiyaları təqdim edilib. Bu yeniliklər, xüsusilə məzmun yaradıcıları üçün canlı yayımlar və media paylaşımı sahəsində üstünlüklər qazandıracaq.
“Google” bu yenilikləri yaxın həftələrdə dəstəklənən cihazlara tədricən təqdim edəcək.
Sərvanə Rəmixanova