Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib.

O bildirib ki, əsas transsərhəd çay olan Araz çayının suyunun keyfiyyətinə ziyan dəyir:
"Araz çayı Azərbaycan ərazisinə daxil olaraq Kür çayına və Xəzər dənizinə qarışır. Nəticədə Kürün və Xəzərin də suyu çirklənir. İran mediasında da artıq bu barədə məlumatlar öz əksini tapıb. İranda ətraf mühit sahəsində fəaliyyət göstərən mətbuat orqanı yazır ki, Araz çayı qonşu ölkənin (Ermənistan) mədən sənayesi və Atom Elektik Stansiyası tərəfindən çirkləndirilməsi faktı təsdiq edildi. Qeyd olunur ki, Araz çayının ətrafında yerləşən İran ərazisində mədə-bağırsaq xərçəngi xəstəliyinin sayı artıb".
Sədr bildirib ki, ölkəmiz üçün də bu məsələ ciddi problem olaraq qalır:
"Problemlə əlaqədar Azərbaycanda vətəndaş cəmiyyəti insitutları fəal işlər görürlər. Ermənistanda mədən sənayesinin monitorinqini həyata keçirən “Environmental Protection First” (EPF) Koalisiyası yaradılıb. Koalisiya mütəmadi olaraq bu məsələni gündəmə gətirir. BMT-nin fərdi tədbirlərində, beynəlxalq müstəvidə bu məsələ işıqlandırılır. Ermənistan mədən sənayesi fəaliyyətinin xəritəsi də hazırlanıb və keçən il təqdimatı keçirilib".
Əfsanə Kamal
Demokrat.az