Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsindən sonra bir çox Qərb brendi Rusiya zavodlarını bağladı, aktivlərini satdı və Rusiya bazarını tərk etdi. Azərbaycana qida, gigiyena məhsulları və dərmanlar əsasən Rusiya və Qərb ölkələrindən idxal olunurdu. Müharibədən sonra isə qlobal brendlərin Rusiya zavodları bağlandığı üçün bu markaların məhsulları Türkiyə və Asiya ölkələri istehsalı ilə əvəz olundu. Lakin bu yeni istehsal mənbələrinin keyfiyyəti əvvəlki Rusiya və Qərb istehsalından ciddi şəkildə fərqlənir, nəticədə biz eyni qiymətə daha aşağı keyfiyyətli məhsullar almağa məcbur qalırıq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vətəndaş İlkin Məmmədkərimov saytımıza öz şikayətini bildirib.
Məsələn, əvvəllər Belçika istehsalı olan Nutricia brendinin Aktivia və Danone yoqurtları indi Moldova istehsalıdır və keyfiyyəti xeyli aşağıdır. P&G brendinin bir çox məhsulları artıq Rusiya və Avropa istehsalı deyil, Türkiyə və Asiya ölkələri istehsalıdır. Ariel yuyucu tozu əvvəllər Çexiya istehsalı olduğu halda, indi Türkiyə istehsalıdır. Fairy qab yuma vasitəsi əvvəllər Belarus istehsalı olduğu halda, indi Türkiyə istehsalıdır. Comet markası ümumiyyətlə satışdan çıxarılıb. Blend-a-med diş pastası artıq Almaniya istehsalı deyil, əvəzinə Almaniyanın Türkiyə bazarı üçün istehsal etdiyi Oral-B markası satılır ki, keyfiyyəti əvvəlkindən xeyli aşağıdır. Oral-B diş fırçaları əvvəllər İrlandiya istehsalı olduğu halda, indi Çin istehsalıdır.
Eyni hal Unilever, Henkel, Johnson & Johnson, Reckitt Benckiser və digər qlobal brendlərin məhsullarında da müşahidə olunur. Clear, Domestos, Rexona, Dove, Camay, Lisnoy Balzam, Çista Liniya kimi məhsullar artıq Rusiya və Avropa istehsalı deyil, Türkiyə, BƏƏ, Misir, Qazaxıstan, Filippin və digər ölkələrin istehsalıdır.
Dərman bazarında vəziyyət daha da acınacaqlıdır. Johnson & Johnson brendinə məxsus Rinza dərmanı artıq Hindistan istehsalıdır və keyfiyyəti əvvəlkindən xeyli aşağıdır. Ürək xəstələri, o cümlədən nənəmin illərdir istifadə etdiyi Stada brendinin Kardio Maqnil dərmanı əvvəllər Almaniya istehsalı olduğu halda, indi Rusiya istehsalıdır. GSK, Bayer, Sanofi və digər Qərb ölkələri brendlərinin dərmanları məqsədli şəkildə bazardan yoxa çıxarılır, əvəzinə isə daha ucuz başa gələn, lakin daha baha qiymətə satılan Türkiyə istehsalı dərmanlar gətirilir. Məsələn, əvvəllər bakteriyalara qarşı istifadə olunan GSK brendinin Zinnat antibiotiki və Portuqaliya istehsalı Atral brendinin NeoChef dərmanı artıq satışda yoxdur. Bunun əvəzinə yalnız Türkiyənin Nobel İlaç şirkətinin Meqaçet antibiotiki satılır ki, keyfiyyəti çox aşağıdır.
Eyni hal tibb ləvazimatlarında da müşahidə edilir. Əvvəllər Rusiya, Belarus və Ukrayna istehsalı olan Natrium xlor sistemi indi Türkiyə istehsalıdır. Hətta həkimlər də müalicə üçün uyğun dərman seçməkdə çətinlik çəkirlər. Bir neçə ay əvvəl nənəmin mədə ağrıları üçün həkimə getdikdə, həkim resept yazmaqda tərəddüd edirdi. Səbəbini soruşduqda bildirdi ki, illərdir yazdığı dərmanlar bazardan yoxa çıxıb və onların əvəzinə gətirilən Türkiyə istehsalı dərmanların effektivliyinə əmin deyil.
Bu problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdə isə yalnız bu cavabı aldıq:
“Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb uyğunluq sertifikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir və hansı dərmanı gətirməkdə sərbəstdirlər.”
Eyni şikayəti bir neçə ay öncə asma xəstələri də etmişdi. Onlar illərdir istifadə etdikləri Avropa istehsalı dərmanların bazardan yoxa çıxdığını, əvəzinə isə baha qiymətə Türkiyə istehsalı dərmanlar satıldığını və keyfiyyətinin çox aşağı olduğunu bildirmişdilər. Bir telekanal bu məsələ ilə bağlı TƏBİB və Səhiyyə Nazirliyinə sorğu göndərmişdi. TƏBİB cavab olaraq bildirmişdi ki, onlar dərman idxalı ilə məşğul olmur. Səhiyyə Nazirliyi isə sadəcə uyğunluq sertifikatı verdiklərini qeyd etmişdi.
Məsələnin kökündə isə bir vacib faktor dayanır: Azərbaycanda qlobal brendlərin keyfiyyət öhdəliyi ilə bağlı heç bir qanun tələbi yoxdur. Dünyanın bir çox ölkəsində qlobal brendlərin bazarda rəsmi nümayəndəliyi olmalıdır və onlar məhsulların keyfiyyətinə cavabdehdirlər. Lakin bizdə bu tələb yoxdur. Bir çox qlobal brendin Azərbaycanda rəsmi nümayəndəliyi yoxdur və olanların da yerini, əlaqə nömrələrini heç kim bilmir. İstehlakçılar yalnız məhsulu idxal edən şirkətlərin distribütorları ilə əlaqə saxlayaraq müəyyən məlumat əldə edə bilərlər.
Ölkədə qlobal brendlərin məhsullarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur. Ümid edirik ki, bu sahədə dəqiq qanunvericilik mexanizmi yaradılacaq və istehlakçıların keyfiyyətli məhsul almaq hüququ qorunacaq.