AZ

Britaniya Şotlandiyada külək enerjisinə 71 milyon dollar sərmayə qoyur

London, 6 mart, AZƏRTAC

Britaniya hökuməti Şotlandiyada yerləşən “Cromarty Firth” limanının üzən dəniz külək enerjisi mərkəzinə çevrilməsi üçün 55,7 milyon funt-sterlinq (71,45 milyon dollar) sərmayə yatıracaq.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Böyük Britaniya 2030-cu ilə qədər elektrik enerjisi sektorunu əsasən dekarbonizasiya etməyi hədəfləyir. Bu məqsədə çatmaq üçün dənizdə külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsi tələb olunur.

Üzən turbinlərdən istifadə edilməsi ənənəvi külək stansiyalarından fərqli olaraq, onların dənizin dibinə sabitlənməsini tələb etmir. Bu da həmin stansiyaların sahildən daha uzaqda yerləşdirilməsinə imkan yaradır ki, bu da həm yerli icmaların estetik narahatlıqlarını azaldır, həm də daha güclü küləklərdən istifadə etməyə şərait yaradır.

Hazırda üzən külək enerjisi layihələrinin texnologiya xərcləri sabit turbinlərə nisbətən daha yüksəkdir və bu cür nəhəng strukturları yerləşdirmək üçün uyğun limanların sayı məhduddur.

Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamenti tərəfindən yayılan bəyanata görə, Britaniya hökumətinin bu ilkin maliyyə dəstəyi limanın digər sərmayədarlardan əlavə maliyyələşdirmə cəlb etməsinə imkan yaradacaq və limanın 2028-ci ilin əvvəlinə qədər fəaliyyətə başlaması gözlənilir.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
17
azertag.az

1Mənbələr