Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında aliment öhdəlikləri və boşanmalar mövzusuna toxunub.
QHT sədri bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən valideynlər yetkinlik yaşına çatmayan övladlarını və əmək qabiliyyəti olmayan, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. İlqar Hüseynli qeyd edib ki, boşanmalarda alimenti əsas gətirmək kimi fikirlər səsləndirmək doğru yanaşma deyil və bu məsələnin sosial və psixoloji faktorlarla əlaqəli olduğunu vurğulayıb:
"Boşanmalar daha çox sosial-iqtisadi problemlər, psixoloji gərginlik, işsizlik və əmək münasibətlərində yaranan qeyri-mütənasiblik səbəbindən baş verir. Aliment vermək imkanı olan və ya maddi sıxıntı yaşamayan bir cütlük niyə boşansın ki? Əgər valideyn övladını təmin edə bilirsə, ailə birlikdə qalması həm uşaq, həm də cəmiyyət üçün daha faydalıdır."
O, aliment ödəmək məcburiyyətində qalan şəxslərin böyük bir qisminin bunu ödəmək imkanında olmadığını bildirib:
"Bu gün minlərlə məhkəmə işi məhz alimentin ödənilməməsi ilə bağlıdır. Aliment kəsilmiş atalar üçün bu məbləği ödəmək çətinlik yaradır. Odur ki, Azərbaycan qadınlarının alimentə görə boşandığını iddia etmək onların nüfuzuna qarşı hörmətsizlikdir. Belə fikirlər səsləndirmək olmaz!"
QHT sədri vurğulayıb ki, ailə dəyərlərinin qorunması və cəmiyyətin sağlam inkişafı üçün boşanmaların əsas səbəblərinin araşdırılması və onların həlli yollarının tapılması daha vacib məsələdir.
Pərvanə Fərhadqızı
QHT.az