AZ

Agenlikdən etiraf: QHT-LƏR HAQLIDIR

QHT-lər Agentlik tərəfindən tədbirlərin foto və video çəkilişlərinin aparılmasına ayrılan maliyyədən narazılıq etməsinə   QHT Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində belə münasibət bildirib:

- Bu barədə müraciətlər bizə də daxil olub, düşünürük ki, bu iradlar haqlıdır. Bu dəfə QHT tədbirlərinin foto və videolarının peşəkar çəkilişləri üçün ayrılan vəsait artırılıb. İnanırıq ki, bu imkan QHT-lərin layihələrinin icrasını ictimaiyyətə daha keyfiyyətli təsvirlərlə çatdırmalarına kömək edəcək.

 

QHT-lərin icra etdikləri layihələrdən əldə olunan foto və videoları, press-relizləri Agentliyin rəsmi saytında, sosial media səhifələrində yaymaq üçün açıq desəm, çox əziyyət çəkirik. Çünki bəzən icra olunan olduqca gözəl bir işdən mobil telefonlarla qeyri-peşəkar çəkilmiş keyfiyyətsiz təsvirlər daxil olur və ya media üçün təqdimat mətni çox səthi hazırlanır. Bu, bizi də çətin vəziyyətdə qoyur. Bəzən tədbirlərin ən maraqlı anlarından kadrlar çəkilmir. Məsələn, ötən ilin yayında azad edilmiş ərazilərin birində açıq havada yerli əhali ilə ilanlardan qorunmaq, onlarla qarşılaşdıqda davranış qaydaları üzrə QHT-lərdən biri təlim keçən zaman təsadüfən təlim ərazisində ilan görünüb.

 

QHT-nin işə cəlb etdiyi ixtisaslı mütəxəssislər həmin ilanı tutaraq xüsusi konteynerə yerləşdiriblər, bütün proses də əyani şəkildə iştirakçılara izah olunub. Ancaq biz həmin anların təsvirlərinə baxmaq istədikdə, məlum oldu ki, görüntülər yararlı deyil, ən maraqlı anlar buraxılıb.

 

QHT-lərdən xahişimiz budur ki, peşəkar foto və videoçəkiliş işinə bu ildən çox diqqətlə yanaşsınlar. Biz donoru olduğumuz bütün layihələrdən Agentliyin resurslarında təsvirlər və mətn yaymağa hazırıq, ictimaiyyətin haqqıdır ki, icra olunan layihələrdən xəbərdar olsun, lakin bunun üçün bizə təsvirlər və mətn vaxtında, keyfiyyətlə daxil olmalıdır. Ona görə də bu ildən Agentlik foto və videotəsvirlər üçün konkret texniki tələblər müəyyən edib. Çəkilişlər həmin tələblərə uyğun aparılmalıdır.

Seçilən
47
qht.az

1Mənbələr