AZ

Müəllimlər direktordan şikayətçidir - "Bizə hinduşkabaş deyir"

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.

Far.Az-in məlumatına görə, müəllimlər direktorun onlara qarşı kobud davrandığını və hətta təhqir etdiyini bildiriblər:

"Müəllimləri valideynlərin yanında alçaldır. Bizə "dərs dilənçiləri", "hinduşkabaş" kimi ifadələr işlədir."

İddialara əsasən, məktəbin bir korpusu da bağlanıb. Rəsmi səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilsə də, həmin binada hazırda sakinlərin yaşadığı bildirilir.

Müəllimlər qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini qeyd ediblər.

Məsələ ilə bağlı direktor Sevda Sarıyeva açıqlama verərək əməliyyat olunduğu üçün hazırda işə çıxmadığını bildirib. O, məktəbin məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyini vurğulayaraq rüşvət iddialarını təkzib edib:

"Ora Zəngilan rayonundan məcburi köçkünlərin və aztəminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər?"

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama verib. Qurumdan bildirilib ki, müraciət əsasında araşdırma aparılır:

"Bakı şəhəri 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəb direktorunun davranışı ilə bağlı ünvanlanmış müraciət Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Təhsil müəssisələrində səmərəli tədris mühitinin və peşəkar işgüzar münasibətlərin qorunması prioritet məsələlərdəndir."

Seçilən
115
24
far.az

10Mənbələr