Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza ilə bağlı bəyanat yayımlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, BMT Qəzzaya humanitar yardımların girişinin dayandırılmasının bölgədəki vəziyyəti daha da ağırlaşdırdığını bildirib.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Qəzzada qida təhlükəsizliyinin pisləşmə riski ilə üz-üzə olduğunu vurğulayıb. O, İsrailin Qəzza zolağına humanitar yardımların girişini dayandırmasının, atəşkəs dövründə əldə olunan mühüm irəliləyişləri geri çevirdiyini bildirib.
Düjarrik qeyd edib ki, BMT-nin humanitar yardım sahəsində çalışan nümayəndələri yardımların dayandırılmasının davam etməsi halında, fələstinlilərə qida paylayan ən azı 80 mərkəzin fəaliyyətini dayandırmalı olacağı barədə xəbərdarlıq ediblər. BMT rəsmisi Qəzzadə məktəblərin ciddi təchizat çatışmazlığı ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərin məktəb binalarını tərk etməsindən sonra bəzi şagirdlər yenidən təhsilinə davam edə bilib, lakin tədris prosesi ciddi çətinliklərlə qarşılaşır.
BMT Qəzzadaki ağır humanitar vəziyyətə beynəlxalq ictimaiyyətin daha çox dəstək göstərməsinin vacibliyini vurğulayıb.
Nuriyyə Musayeva