AZ

Elşad Məmmədov: "Depozit faizlərinin yüksəlməsi kredit faizlərinə təsirsiz ötüşmür"

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında depozit faizlərinin artımının kredit bazarına təsirlərindən danışıb. O bildirib ki, depozit faizlərinin yüksəlməsi son nəticədə kredit faizlərinin də artmasına səbəb olur və bu, ölkədə pul-kredit siyasətinin sərtləşməsinə təkan verən amillərdən biridir.

Professorun fikrincə, inflyasiya ilə effektiv mübarizə üçün depozit faizlərinin aşağı olması daha məqsədəuyğundur. O vurğulayıb ki, inflyasiya artdıqca depozit faizlərinin yüksəlməsi iqtisadiyyata əlavə təzyiq yaradır:

"Çünki son nəticədə depozit faizlərinin yüksəlməsinə biz həm də kredit faizləri baxımından yanaşmalıyıq. Əgər depozit faizlərinin yüksəlməsinin kredit faizlərinə təsirlərini yumşaltmaq istəyiriksə, kredit resurslarının genişləndirilməsi və real sektora, istehsal sektoruna yönəlik kreditlərin daha aşağı faizlərlə verilməsi vacibdir."

Professor Elşad Məmmədov qeyd edib ki, bunun üçün uyğun kreditləşmə kanallarının işə düşməsi müsbət nəticələrə səbəb ola bilər. O, depozit faizlərinin artımının kredit göstəricilərinə və investisiya mühitinə mənfi təsirlərinin minimuma endirilməsinin vacibliyini vurğulayaraq, bunun üçün şaxələndirilmiş pul-kredit siyasətinin reallaşdırılmasına ehtiyac olduğunu bildirib.

 

Pərvanə Fərhadqızı

Seçilən
17
qht.az

1Mənbələr