AZ

Britaniyanın erməni kartı: Azərbaycan necə cavab verməlidir?– ÖZƏL

"Bu, ilk dəfə deyil ki, ermənilərin absurd bəyanatları Qərb mediasında - İngiltərə, digər Avropa dövlətləri, ABŞ və Rusiya mediasında geniş yayılır. Maraqlıdır ki, niyə məhz son günlərədək bu cür məlumatlara bu qədər radikal formada rast gəlmirdik?"

Siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Burada ermənilərin fəaliyyətindən daha çox Britaniyanın siyasi sifarişi açıq şəkildə görünür. Bəs bunun səbəbi nə ola bilər? Son günlər  Ukrayna cəbhəsində Qərb faktiki olaraq məğlubiyyətlə üzləşir. ABŞ-nin mövqeyini dəyişərək Rusiya ilə sülh müqaviləsi bağlamağa çalışması  Britaniyanın  Avropada qurmaq istədiyi təhlükəsizlik mexanizmi planlarını alt-üst edir. Bu da onların maraqlarına uyğun deyil. Buna görə də Britaniya artıq Rusiyanın sərhədlərində yerləşən digər ölkələrdə mövqeyini gücləndirməyə çalışır.

Azərbaycanın öz milli maraqlarına uyğun xarici siyasət yürütdüyünü nəzərə alsaq, Britaniya bundan təzyiq vasitəsi kimi istifadə edə bilər. Yəni erməni kartını gündəmə gətirərək, Azərbaycanı öz maraqlarından uzaqlaşdırıb, daha çox Britaniyanın maraqlarına yaxınlaşdırmağa çalışa bilər.

Bu halda Azərbaycan nə etməlidir? Kompromis hər zaman vacibdir. Dialoq daim açıq olmalıdır və bu məsələləri Britaniya ilə ikitərəfli formatda - nə ermənilərin, nə də rusların iştirakı olmadan müzakirə etməliyik.

Bu, o demək deyil ki, biz öz maraqlarımızdan imtina etməliyik. Əsas vəzifəmiz bölgədəki yeni reallıqları rəsmi Londona düzgün çatdırmaq və Cənubi Qafqazda Britaniyanın yalnız Azərbaycanla əməkdaşlıq etməklə daha böyük qazanc əldə edə biləcəyini izah etməkdir.

Üstəlik, Britaniya ilə münasibətlərimiz onsuz da müsbət yöndə inkişaf edir. Buna görə də düşünürəm ki, rəsmi Londonun Azərbaycanı təhdid yox, tərəfdaş kimi qəbul etməsi çətin olmayacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr