AZ

Latviya Seyminin azərbaycanlı deputatı: Heç bir qanun layihəsi ana dilimdə danışmağıma mane olmayacaq - MÜSAHİBƏ

"Mən fəxr edirəm ki, azərbaycanlıyam!" - bu ifadə dünyanın istənilən nöqtəsində qürurla səsləndirilə bilər. Bu sözlər təkcə milli mənsubiyyəti deyil, həm də öz mədəniyyətinə, tarixinə, dilinə və ənənələrinə olan dərin sevgini təcəssüm etdirir. Məhz bu sözləri Latviyanın Seymində ilk azərbaycanlı deputat Amil Səlimov öz çıxışı zamanı səsləndirib və latviyalı parlamentarilər onun bu fikrinə laqeyd yanaşmayıblar.

A.Səlimov “Report”a müsahibəsində özünün çətin siyasi yolundan, Latviyada gənclərin və Azərbaycan diasporunun dəstəyindən danışıb, həmçinin bu ifadənin onun üçün şəxsi əhəmiyyəti barədə fikirlərini bölüşüb.

- Siz Latviya Seyminin ilk Azərbaycan əsilli deputatı oldunuz. Bu yolda hansı çətinliklərlə üzləşdiniz? Parlamentdə qarşınıza hansı məqsədlər qoyursunuz?

- Bir ildən artıqdır ki, mən 2021-ci il fevralın 26-da təsis edilmiş “Sabitlik” Partiyasından (“Stabilitātei”) Latviya parlamentinin deputatı oldum və bu hadisə məndə bir çox emosiyalar yaratdı. Lakin mənim siyasi və ictimai fəaliyyətim hələ 2019-2020-ci illərdə başlamışdı. Bu fəaliyyətimin nəticəsi olaraq Latviya seymində yer tutdum.

Qeyd etmək istədiyim daha bir vacib məqam: əgər insanın məqsədi varsa və o, hər addımını düşünərək seçdiyi yolla gedirsə, uğur qazanmaq tamamilə mümkündür. Mən getdiyim yerə çata bildiyim üçün qürur duyuram.

Amma bu hələ başlanğıcdır. Əsas iş indi başlayır və biz həmkarlarımızla birlikdə cəmiyyətin dəstəyini alaraq, işləmək istəyi və ölkənin uğuru üçün əlimizdən gələni etmək əzmi ilə maksimum səy göstərəcəyik.

- Latviya ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Sizin fikrinizcə, hansı sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial var?

- Azərbaycan və Latviya arasında münasibətlər çox yüksək səviyyədədir. Ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Mümkün sahələrə gəldikdə, mənim fikrimcə, əsas sahələrdən biri müdafiə və müdafiə qabiliyyətinin gücləndirilməsidir. Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirilən qiymətli hərbi təcrübəyə malikdir.

Bu istiqamətdə biz bilik və təcrübə mübadiləsi üçün əhəmiyyətli potensial görürük. İlk növbədə Azərbaycan müdafiə sahəsində öz təcrübəsini bölüşə bilər.

Əməkdaşlığın digər istiqaməti isə Azərbaycanın işçi qüvvəsinin tikinti, istehsal və müəyyən kadr çətinlikləri olan digər sahələrə cəlb edilməsidir.

Məsələ burasındadır ki, latviyalılar fəal şəkildə Avropanın digər ölkələrinə miqrasiya edirlər ki, bu da bizdə mütəxəssis çatışmazlığı yaradır. Bu kontekstdə biz dövlət səviyyəsində əməkdaşlığa açığıq və Azərbaycandan işçilərin cəlb edilməsi imkanlarını nəzərdən keçirməyə hazırıq.

Təhsil sahəsindən də danışmaq istərdim, əməkdaşlıq burada da perspektivli və əhəmiyyətli istiqamətdir. Artıq Latviyada xeyli sayda azərbaycanlı tələbə təhsil alır və mən şəxsən onlara hərtərəfli dəstək göstərməyə çalışıram. Həmişə onlara deyirəm ki, hər hansı sual və ya çətinlik yaranarsa, kömək üçün mənə müraciət edə bilərlər.

- Bu yaxınlarda sosial şəbəkələrdə Latviya parlamentindəki çıxışınız zamanı Azərbaycan dilində qürurla "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" dediyiniz video yayılıb. Lakin çıxışınızın yalnız qısa bir hissəsi mövcuddur. Kontekst haqqında danışa bilərdinizmi?

- Həmin gün parlamentdə Seymin divarları arasında dövlət dilindən başqa hər hansı dilin istifadəsinin qadağan edilməsi haqqında qanun layihəsi müzakirə olunurdu. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" ifadəsi ilə mən bu qanun layihəsinin absurdluğunu vurğulamaq istədim.

Bu, Avropa İttifaqının (Aİ) əsas prinsiplərinə ziddir. Bu prinsiplərə əsasən, digər rəsmi dillərin və ya təşkilata üzv ölkələrin dillərinin istifadəsi qadağan edilə bilməz. Lakin qanun layihəsi elə formada təqdim edilmişdi ki, deputatlara parlamentdə yalnız latış dilində danışmağa icazə veriləcəkdi.

Məsələn, əgər CNN və ya BBC nümayəndələri məndən ingilis dilində müsahibə almaq istəsəydilər, mən onlara bu dildə cavab verə bilməzdim. Bu qanun layihəsinin məntiqi ilə mən yalnız latış dilində cavab verməli olardım. Xoşbəxtlikdən, deputatların əksəriyyəti sağlam düşüncə nümayiş etdirdi və layihə dəstəklənmədi.

Parlamentdəki çıxışım belə bir siyasətin absurdluğunu göstərməyə yönəlmişdi. Mən qeyd etdim ki, məsələn, əgər Türkiyə və ya Azərbaycan səfiri Seymə gələrsə, mən həm azərbaycan, həm də türk dillərini bilən biri kimi onlarla öz ana dillərində ünsiyyət qura bilməyəcəm.

Eyni zamanda mən vurğuladım ki, əgər valideynlərim zəng etsə, onlarla ana dilimizdə danışmaq üçün parlamentdən çölə çıxmalı olacağam ki, bu da ciddi deyil.

Mənim nitqim qadağalar və məhdudiyyətlər siyasətinə qarşı etirazı ifadə edirdi. Biz irəli getməli, inkişaf etməliyik, deputatların hüquqlarını məhdudlaşdırmamalıyıq. Ana dilimdəki ifadə öz mənşəyimlə qürur duyduğumu ifadə etdi və mən öz kimliyimdən imtina etmək niyyətində deyiləm. Mən azərbaycanlı olduğum üçün fəxr edirəm və heç kimin nə mənim dilimi, nə də mədəniyyətimi məhdudlaşdırmağa haqqı yoxdur.

Yenə də təkrar edirəm ki, bu qanun layihəsi parlament tərəfindən dəstəklənmədi. Lakin belə təkliflər parlamentdə vaxtaşırı yaranır. Biz onlara reaksiya verməli oluruq.

- Latviyada Azərbaycan diasporunun həyatında nə dərəcədə fəal iştirak edə bilirsiniz? Sizcə, onun inkişafı üçün hansı təşəbbüs və layihələr daha vacibdir?

- Latviyadakı Azərbaycan diasporuna gəlincə, o, şübhəsiz ki, mövcuddur. Biz təbii ki, diasporlar çərçivəsində ictimai fəaliyyətlə də məşğul oluruq. Bura konsertlərin və mədəni tədbirlərin təşkili, həmçinin Azərbaycan üçün əlamətdar olan matəm günlərinin qeyd edilməsi daxildir. Biz həmişə onlara lazımi diqqət göstəririk.

Öz tərəfimdən, imkanlarım daxilində gəncləri və bütövlükdə diasporu dəstəkləməyə çalışıram. Mən bunu həmişə məmnuniyyətlə edirəm, çünki mənim üçün təkcə yaşadığın cəmiyyətə inteqrasiya deyil, həm də öz mədəni kimliyini qorumaq vacibdir.

Əlbəttə ki, yaşadığın ölkənin dilini bilmək, qanun və ənənələrinə hörmət etmək lazımdır. Lakin eyni zamanda öz tarixi vətənini, dilini və mədəniyyətini unutmaq olmaz. Müxtəlif xalqların mədəniyyətini, dilini və ənənələrini bilmək həm insanın özünü, həm də bütövlükdə cəmiyyəti zənginləşdirən böyük sərvətdir.

- Latviyada kifayət qədər nüfuzlu erməni diasporu var. Siz mənşəyinizi nəzərə alaraq, Seymdə erməni-azərbaycanlı münaqişəsinin müzakirəsi zamanı hər hansı təzyiq və ya qərəzli münasibətlə qarşılaşmısınızmı?

- Latviyada erməni və Azərbaycan diasporları arasında düşmənçilik yoxdur. Burada bölüşdürüləcək heç nə yoxdur, hər kəsin öz fikri və baxışı var. Mən burada heç bir müzakirə və ya mübahisə müşahidə etməmişəm, hər kəs öz işi ilə məşğuldur.

Bu yaxınlarda Seymdə qaldırılan məsələyə gəldikdə, mən və bütövlükdə fraksiyamız yalnız ədalət tələb edirik, başqa heç nə. İndi Ermənistanın Avropa İttifaqına daxil olmaq məsələsi müzakirə olunur. Latviya bu istəyi dəstəkləyir və öz köməyini göstərməyə hazırdır. Baltik və Skandinaviya ölkələrinin rəsmi şəxsləri də bu yaxınlarda Ermənistana səfər edib və onun təşkilata üzvlüyünü dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Mən öz çıxışımda bu barədə dedim ki, birincisi, biz sadəcə olaraq Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsi faktına göz yuma bilmərik. Bu düzgün olmaz. İkincisi, regionda tam sülh olmalı, sülh sazişi imzalanmalı və tərəflərin bir-birinə qarşı iddiaları olmamalıdır.

Yalnız bundan sonra Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsini müzakirə etmək olar. Bu iki əsas məqam həyata keçirilməyənə qədər biz bundan danışa bilmərik. Çünki bu, Latviya və Avropa üçün əlavə problemlər yarada bilər.

Mənim mövqeyim ondan ibarətdir ki, ədalət zəfər çalmalıdır.

Seçilən
21
report.az

1Mənbələr