AZ

DİM bu şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə həyata keçirdiyi “Gənc psixometrik” təcrübə proqramının imtahan mərhələsində iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

AzEdu.az xəbər verir ki, imtahan 12 mart 2025-ci il tarixində saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Süleyman Sani Axundov küç., 50) keçiriləcəkdir.

Namizədlər qeydiyyat zamanı təqdim etdikləri elektron poçt ünvanına göndərilən hiperkeçiddən istifadə edərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Qeyd olunan sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahanda (kompüter əsaslı) namizədlərə məntiqi təfəkkürün (fəza/riyazi), statistika üzrə biliklərin və rəqəmsal bacarıqların ölçülməsi üzrə 50 test tapşırığı (qapalı tipli) təqdim olunacaq. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahan mərhələsində yüksək nəticə göstərən namizədlər təcrübə proqramına seçim prosesinin müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı yalnız ali təhsil müəssisələrinin məzunları (bakalavr təhsil səviyyəsi üzrə təhsilini başa vurmuş) üçün nəzərdə tutulub. Üç ay davam edəcək proqram müddətində namizədlərə qiymətləndirmə və statistika sahəsi üzrə təlimlər keçiriləcək. Namizədlər həmçinin real datalar əsasında praktik tapşırıqları yerinə yetirəcək və sahə üzrə layihələr icra edəcəklər.

Əlavə sualınız yarandıqda, [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Seçilən
17
azedu.az

1Mənbələr