AZ

Rusiya-Ukrayna münaqişəsindəTürkiyə açarı

Zelenski Ağ Evin şərtlərini qəbul edərək Ukraynada davamlı sülhün əldə edilməsi və iki ölkə arasında nadir metalların işlənməsinə dair sənədi imzalamaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edib. Ukraynada müharibənin rəsmi Kiyevin maraqlarına uyğun olmadan belə bitməsi, Ağ Evin iştirakı olmadan qeyri-mümkün idi. Çünki Rusiya-Ukrayna müharibəsi Qərblə-Rusiya arasında geosiyasi savaş meydanı olsa da, daha çox  ABŞ-Rusiya mübarizə meydanı hesab olunur. Moskva da yaxşı anlayırdı ki, ABŞ-nin ciddi dəstəyi olmadan Avropa Ukraynada Rusiyaya qarşı uzunmüddətli müharibə aparmaq gücünə malik deyil. Ona görə də Moskva çoxtərəfli formatda, yəni Avropa və Ukraynanın iştirakı olmadan ABŞ-lə danışıqlarda maraqlıdır. Bəs, gözlənilən görüş Rusiya-Ukrayna müharibəsinə son qoyacaqmı? Ukraynaya təhlükəsizlik zəmanəti veriləcəkmi? Siyasi şərhçi Mürtəza Bünyadlı qeyd edib ki, bu məsələdə Donald Tramp administrasiyasının, Moskvanın marağı üst-üstə düşdüyündən  Avropa və Ukrayna oyundankənar vəziyyətdə qaldı: "Avropa və rəsmi Kiyevin bu istiqamətdəki Ağ Evə olan təzyiqləri uğursuz oldu. İstər Fransa prezidenti Emmanuel Makronun, istər Böyük Britaniyanın baş naziri Kir Starmerin, istərsə də Volodimir Zelenskinin fevralın 28-də Ağ Evdə qalmaqalla nəticələnən səfəri, istərsə də Londonda Avropa liderlərinin sammiti Tramp administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı mövqeyindəki dəyişikliyə təsir etmədi. Əksinə, Ağ Evə mövqeyinin dəyişdirilməsi ilə bağlı edilən təzyiqlər əks effekt verdi. Belə ki, Ağ Ev əks-hücuma keçərək Ukraynaya hərbi yardımı dayandıracağını bəyan etməklə həm Kiyevi, həm də Avropanı hədələdi. Çünki Avropa ölkələri Ukraynaya nə qədər hərbi və maliyyə dəstəyi versə də, əsas müasir silahları ABŞ verir. Avropa və Kiyev ehtiyat edir ki, Ağ Ev geri çəkilərsə, o zaman Ukrayna qısa zamanda özü məcburi şəkildə Moskvanın şərtləri əsasında kapitulyasiya aktı imzalaya bilər. Bunun isə nəticələri Avropa üçün çox ağır olar. Onsuz da müharibə Ukraynanın xeyrinə bitməyəcək və bu bütün tərəflərə aydındır. ABŞ-nin vitse-prezidenti Cey-Di Vens də etiraf edərək deyib ki, Ukrayna üzrə sülh sazişi heç kimi xoşbəxt etməyəcək və hər bir tərəf güzəştə getməli olacaq. Ukraynanın təhlükəsizlik təminatlarından danışan Vens deyib ki, ən yaxşı variant Kiyevin Vaşinqtonla mineral ehtiyatlar və nadir metalların işlənməsi ilə bağlı sazişi imzalamaqla amerikalılara iqtisadi perspektiv yaratmasından keçir. "Bu, 30 və ya 40 il ərzində döyüşməyən bir ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təminatdır", - Vens qeyd edib.
Hesab edirəm ki, belə bir sazişin imzalanması təkcə Ukrayna  üçün deyil, eyni zamanda Avropanın da maraqlarına cavab verir. Yüz milyardlar dəyərində ölçülən bir iqtisadi saziş Ukraynanın həm gələcək  bərpası, inkişafı və təhlükəsizliyinə öz töhfəsini verəcək.
Bu baxımdan vitse-prezident Vens bildirib ki, bütün bu səbəblərə görə avropalılar Zelenskini münaqişəyə son qoymağın vacibliyinə inandırmalıdırlar. Bunu avropalı liderlər də anladığından Zelenskinin Ağ Evdəki hərəkətini dəstəkləsələr də, yenə də Trampla razılaşmaya getməyə təkid etdilər. Çünki başqa alternativ qalmırdı. Alternativ Ukraynanın məhvi və Avropanı gözləyən ciddi təhdidlər olacaqdı".

Onun sözlərinə görə, uğursuz siyasət nəticəsində Avropa özünün acizliyini və zəifliyini ortaya qoymaqla, beynəlxalq aləmdəki imicinə də mənfi təsir etmiş oldu və təsir getdikcə daha çox özünü göstərəcək: "Tramp administrasiyasının bu məsələdə sərgilədiyi sərt mövqe "bir güllə ilə bir neçə dovşanı vurmaq" misalını xatırladır. Birincisi, ABŞ-siz Avropanın gələcək perspektivi və təhlükəsizliyini qeyri-mümkündür. Ona görə də Avropanın Ağ Evin istər Ukrayna ilə bağlı danışıqlarda bərabərhüquqlu tərəf kimi çıxış etməsində, istər atəşkəsin və sülhün əldə edildikdən sonra Ukraynanın yenidən bərpası və təhlükəsizliyinin təmin olunmasında Avropanın üzərinə götürəcəyi öhdəliklər məsələsində, istərsə də Ağ Evin digər şərtlərini qəbul etməkdən başqa alternativi qalmır. İkincisi, ABŞ Avropasız və Ukraynasız Ukraynanın taleyini həll etməklə özünü mütləq hakim rolunda çıxış etməsini nümayiş etdirir.
Üçüncüsü, Ağ Ev bununla həm də hər şeyə qadir ölkə olaraq öz gücünü dünyaya nümayiş etdirməklə qalib kimi təqdim etməyə çalışır. Tramp komandası bununla hesab edir ki, Ukrayna məsələsində istəyinə nail olarsa, xarici siyasətlə müəyyən etdiyi digər prioritet istiqamətlərdə də uğur əldə edəcəklərini düşünürlər.Yəqin ki, biz çox yaxın zamanda Volodimir Zelenskini yenidən Ağ Evdə görəcəyik".
Siyasi şərhçi qeyd edib ki, Zelenskinin Trampla görüşü və Ağ Evin Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində ilə bağlı ənənəvi avropalı müttəfiqlərindən fərqli bir yanaşma sərgiləməsi, dünya düzənində yeni geosiyasi reallıq yaradıb: "Bu reallıq təkcə heç bir təhlükəsizlik təminatları olmadan Ukraynanın torpaqlarını Rusiyaya güzəştə getməsi, qurban verilməsi deyil, eyni zamanda, Ukraynanın gələcək təhlükəsizliyində əsas rol oynayacaq Avropanın danışıqlar prosesindən kənarda qalması və bunun da nəticə etibarilə qoca qitəyə ciddi təhdidlər yaratması ilə bağlıdır. Yaranmış durum Avropanı yenidən siyasətinə baxmağı və yeni bir güc kimi ortaya çıxmasını zəruri edir. Ona görə də bir çox avropalı liderlər ABŞ-dən kənar siyasi-iqtisadi-hərbi güc kimi formalaşaraq Avropanın müdafiə və təhlükəsizliyini öz üzərlərinə götürməyə cəhd edirlər. Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdəki uğursuz görüşündən sonra Londonda keçirilən sammit bu məqsədlə təşkil edilmişdi. Avropa liderləri onu da anlamağa başlayıb ki, belə bir gücü təkcə Avropa İttifaqına üzv ölkələrin imkanları ilə formalaşdırmaq qeyri-mümkündür. Bura yeni və güclü dövlətlər cəlb edilməlidir. Avropanın yeni güc kimi meydana çıxmasında isə Türkiyə kimi gücə malik bir dövlətin müstəsna rolu ola bilər. Avropalı ekspertlər, politoloqlar da hesab edirlər ki, Avropa yeni güclər cəlb etməsə, ciddi bir güc kimi ortaya çıxması çətin olacaq. Münhendəki Bundesver Universitetinin professoru, siyasi ekspert Karlo Masala hesab edir ki, əgər avropalılar güclərini birləşdirməsələr, özlərini müdafiə edə bilməsələr və qlobal cənubda yeni tərəfdaşlar axtarmasalar, öz əhəmiyyətlərini itirəcəklər. "ABŞ yaxın gələcəkdə Avropa üçün etibarlı dəyərlər və maraqlar tərəfdaşı olmayacaq.  Bu vəziyyətdə Avropa öz gələcəyini müəyyən edən qüvvə olmaq əvəzinə, başqalarının maraqlarının oyun alətinə çevrilə bilər", - o qeyd edib. Almaniyalı digər politoloq Klaudiya Major isə hesab edir ki, ABŞ artıq Avropa üçün təhlükəsizlik riskinə çevrilməkdədir: "Biz etiraf etməliyik ki, ən vacib müttəfiqimiz artıq müttəfiq kimi davranmır, əksinə, Avropa üçün təhlükəsizlik riskinə çevrilir". Londonda keçirilən sammitə Türkiyənin dəvət edilməsi onu deməyə əsas verir ki, Avropa öz təhlükəsizlik arxitekturasının təmin olunmasında Ankaranın rolundan faydalanmaq niyyətindədir. Avropa Türkiyənin rolundan necə faydalanmaq istəyir hələlik bu aydın deyil. Lakin London sammitində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb: "Bu məsələ açıq şəkildə müzakirə olunur. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq. Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər".

Onun sözlərinə görə, Avropa yaxşı anlayır ki, təkbaşına Ukrayna məsələsində ciddi uğur əldə edə bilməyəcək: "Türkiyənin də Avropa liderlərinin sammitinə dəvəti məhz bununla bağlı idi. Avropa da Türkiyəni Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində əhəmiyyətli dərəcədə həlledici açar ölkələrdən biri olduğunu qəbul edir. Təbii ki, Türkiyə 50 ildən artıqdır, Avropa ailəsinin tamhüquqlü üzvü olmaq istiqamətində çaba göstərsə də, nəticəsi olmayıb. Amma yaranmış yeni geosiyasi reallıqlar uzun illərdədir Türkiyənin qarşısında duran hərəflərə nail olmaq üçün yeni imkanlar və fürsətlər yaratmaqdadır. Türkiyə bu fürsətlərdən faydalanaraq hədəflərinə. O cümlədən Aİ-nin tamhüquqlu üzvlüyünə nail olmaq istəyir. Əgər Türkiyə Avropanın ümümi təhlükəsizlik arxitekturasının müdafiəsi və təhlükəsizliyinə dəvət olarsa, o zaman Ankaranın da Avropa ittifaqına üzvlüklə bağlı şərtləri olacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə dilə gətirərək bəyan edib ki, Avropanın ayrılmaz hissəsi kimi biz Avropa İttifaqına üzvlük prosesimizi strateji prioritetimiz kimi görürük: "Son hadisələr Türkiyə-Avropa İttifaqı əlaqələrinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Türkiyə  olmadıqca Avropanın qlobal bir aktor olaraq varlığını davam etdirməsi getdikcə qeyri-mümkün hala gəlir. Açıq desək, Türkiyəsiz Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Avropalı dostlarımızın bu həqiqətlə üzləşməsini və tam üzvlük prosesimizi uzaqgörən bir perspektivlə inkişaf etdirməsini gözləyirik". 
İndi top avropalıların meydanındadır. Ərdoğanın da bəyan etdiyi kimi, Türkiyəsiz Avropanın gələcək təhlükəsizliyini təsəvvür etmək mümkün deyil və mümkün də olamayacaq. Bunun isə bir çox səbəbləri var. Birincisi, Türkiyənin yeni dünya düzənindəki geosiyasi çəkisi artaraq qlobal gücə çevrilməkdədir. İkincisi, Türkiyənin arxasında Türk Dövlətlər Təşkilatı kimi ciddi perspektivə və Qafqaz, Mərkəzi Asiya bölgəsini əhatə edən gücə malik bir qurum var.
Üçüncüsü, Türkiyənin Rusiya-Ukrayna müharibəsində yürütdüyü siyasət.
Dördüncüsü, Türkiyənin Yaxın Şərq və Afrikada son illərdə oynadığı əhəmiyyətli rol və əldə etdiyi uğurlar dayanır. Beşincisi, NATO üzvü olan Türkiyənin yüksək döyüş hazırlığına və peşəkarlığına malik güclü orduya sahib bir dövlət olmasıdır. Avropa İttifaqının belə bir üstünlüklərə malik Türkiyəni öz ailələrinin tamhüquqlu üzvü etməsindən ancaq və ancaq udar. İtirməz. Avropa ölkələri müdriklik nümayiş etdirib Ankara ilə bağlı düzgün qərar verə biləcəklərsə udacaqlar, əks təqdirdə isə hər zaman təhlükəsizliklərinə ciddi təhdidlər olacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
50
olaylar.az

10Mənbələr