Kiyev sakinlərinin əksəriyyəti Ukraynanın müharibədəki qələbəsinə nikbin baxsalar da, inananların sayı azalmaqdadır.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yni zamanda, getdikcə daha çox respondent müharibənin il ərzində sona çatacağına inanır.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğuya əsasən, Kiyev sakinlərinin 77 faizi Ukraynanın qələbəsinə inanır, 2024-cü ilin may ayında isə bu göstərici 85 faiz olub. Lakin Ukraynanın qələbəsinə tam əmin olanların sayında əhəmiyyətli bir azalma müşahidə olunub: 58 faizdən 44 faizə enib.
Bundan başqa, Rusiyanın qələbəsinə inananların payı 5 faizdir (2024-cü ilin mayında – 3 faiz). Qərarsızlar isə 18 faiz təşkil edir (2024-cü ilin mayında – 11 faiz).
Sorğuda iştirak edənlərə müharibənin nə qədər davam edəcəyi ilə bağlı da sual verilib. 2024-cü ilin mayına nisbətən müharibənin bir ildən çox davam edəcəyini düşünənlərin sayı 66 faizdən 51 faizə enib. Müharibənin bir ilə qədər davam edəcəyinə inananların sayı isə 24 faizdən 38 faizə yüksəlib (əsasən cavablar təxminən altı aydan bir ilə qədər olub).
Əli Hüseynov