AZ

Pau Kubarsi - XXI əsr futbolunda ən gənc antirekordçu

Çempionlar Liqasının 1/8 finalının “Benfika” ilə ilk oyunu “Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi üçün xoşagəlməz keçib.

Arena.az məlumat verir ki, ispan futbolçu “blauqrana”nın 1:0 hesablı qələbəsinə rəğmən, oyunun 22-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, Kubarsi XXI əsrdə meydandan qovulmuş ilk, Çempionlar Liqasının tarixində isə ikinci ən gənc oyunçu ünvanına sahib olmaqla, antirekordlar müəyyənləşdirib. Kubarsi müvafiq antirekordunu 18 yaş 42 günlüyündə yaşayıb. Üstəlik bu, Kubarsinin futbolçu karyerasında meydandan qovulduğu ilk haldır.

Çempionlar Liqasında meyndan qovulmuş ən gənc oyunçu isə 1994-cü ildə 16 yaş 86 günlüyündə “qızardılmış”, “Anderlext”in nigeriyalı sol cinah müdafiəçisi Selestin Babayarodur.

Yeri gəlmişkən, “Barselona” 6 ildən sonra UEFA Çempionlar Liqasının 1/8 finalında ilk dəfə qapısını toxunulmaz saxlayıb. Sonuncu dəfə 2019-cu ildə “Liverpul”la (İngiltərə) 1/8 final mərhələsinin ilk matçında qapısını toxunulmaz saxlamış (3:0) Kataloniya təmsilçisi cavab görüşündə İngiltərə təmsilçisindən 4 cavabsız qol buraxmışdı.

Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 41 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 65 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 5 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
23
arena.az

1Mənbələr