AZ

Azərbaycanın tranzit potensialının gücləndirilməsinə dair islahatlar davam edir: Bakı Limanı ADY-yə birləşdirildi

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edildi.

Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq tranzit daşımalarda mövqeyini gücləndirir

Əlverişli coğrafi mövqeyinə görə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycanın beynəlxalq tranzit yüklərin daşınması üçün geniş potensialı vardır. Bu potensialdan səmərəli istifadə edilməsi ölkəmizə strateji siyasi və iqtisadi qazanclar gətirməklə yanaşı, Azərbaycanın dünyanın vacib tranzit qovşaqlarından birinə çevrilməsinə xidmət edir.

Bu gün qlobal ticarətin böyük əksəriyyəti, təxminən 80-90%-i okeanlar və açıq dənizlər vasitəsilə aparılır. Bunu nəzərə alaraq, dünya sularına birbaşa çıxışı olmayan Azərbaycan üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və mümkün yerüstü regional nəqliyyat şəbəkələrinə qoşulmaqla açıq dənizlərə etibarlı və davamlı çıxışın əldə edilməsi strateji əhəmiyyətə malikdir. Bu baxımdan, qlobal miqyasda Şərqi Asiya ilə Avropanı birləşdirən, regional miqyasda isə Xəzər hövzəsi ölkələrini Qara və Aralıq dənizləri vasitəsilə dünya okeanına çıxaran Şərq-Qərb marşrutu, xüsusilə də onun əsas halqası olan multimodal Orta Dəhlizin xüsusi əhəmiyyəti vardır.

Dəmiryol nəqliyyatının inkişafı və liman infrastrukturunun inteqrasiyası Orta Dəhlizin potensialının artımının əsas amilləridir

Yerüstü nəqliyyatın ən ucuz, ən etibarlı və təbiətin təsirlərinə ən az məruz qalan növü olan dəmir yolları əsasən quru ərazilərdən keçən Orta Dəhlizin də əsas “onurğa sütunu”nu təşkil edir. Hazırda Çindən və Orta Asiya regionundan gələn tranzit yüklərin əksər hissəsi Qazaxıstanın Aktau, Kurık və Türkmənistanın Türkmənbaşı limanlarından çıxıb gəmi və bərələrlə Xəzər dənizini üzüb keçərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə ölkəmizə daxil olur. Tranzit yüklər daha sonra Azərbaycanın dəmiryol şəbəkəsi ilə daşınaraq Böyük Kəsik stansiyasından Gürcüstana, oradan isə ya Gürcüstanın Batumi və Poti limanları vasitəsilə Qara Dənizə, ya da Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə Türkiyə limanları vasitəsilə Aralıq dənizinə və ya Türkiyənin yerüstü şəbəkəsi vasitəsilə Avropa ölkələrinə daşınır.

Son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarda, konteynerlər də daxil olmaqla, illik təxminən 5%-lik artım qeydə alınır və bu bazarın illik dəyəri 300 milyard ABŞ dollarına yaxınlaşmaqdadır. Konteynerləşmə həm daşımaların sürətini artırır, həm də iqtisadi baxımdan daha səmərəli hesab edilir.

Son üç ildə Azərbaycan dəmir yolları şəbəkəsi vasitəsilə, Orta Dəhliz daşımaları da daxil olmaqla, illik təxminən 7 milyon ton tranzit yük daşınmışdır. 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin modernləşdirilməsi ilə illik ötürücülük gücünün 1 milyon tondan 5 milyon tonadək artırılması yaxın gələcəkdə illik ümumi tranzit həcmlərinin artırılmasına xidmət edəcək.

Bununla yanaşı, növbəti 5 ildə Bakı Limanının imkanlarının 15 milyon tondan 25 milyon tonadək artırılması da tranzit yüklərin həcminin xeyli artırılmasına şərait yaradacaq.

Limanın inkişafındakı bu addımın əsasən konteyner daşımalarının təmin edilməsinə yönəldiyini nəzərə aldıqda artacaq daşıma həcmlərinin iqtisadi baxımdan da səmərə gətirəcəyi gözləniləndir. 2024-cü ildə dəniz və dəmir yolları da daxil olmaqla, bütün nəqliyyat növləri üzrə cəmi 14,5 milyon ton həcmində tranzit yüklərin daşındığını nəzərə alaraq, yaxın gələcəkdə ölkəmizin tranzit potensialının xeyli böyüyəcəyini proqnozlaşdırmaq mümkündür.

Ümumiyyətlə, dəniz və dəmir yolları intermodal daşımalarla dünya ticarətinin bir-birini tamamlayan iki əsas halqasını təşkil edir. Bizim ölkənin və Orta Dəhlizin nümunəsində isə dəmir yolları ilə limanın qarşılıqlı əlaqəsinin strateji əhəmiyyəti bir başqadır. Bir tərəfdən, Bakı limanı Xəzər dənizi, Volqa-Don kanalı və Qara dəniz vasitəsilə ölkəmizin dünya okeanına dolayı çıxış “qapısı” kimi çıxış edirsə, digər tərəfdən, bugünkü geosiyasi reallıqlarda Bakı Limanı Orta Dəhlizin tamamlayıcı bir halqası kimi strateji əhəmiyyət kəsb etməyə başlayır, dəmiryol daşımaları üçün “körpü” funksiyasını yerinə yetirir və dəmiryol nəqliyyatı qovşağı rolunu oynayır.

Limanların və dəmir yollarının inteqrasiyası beynəlxalq nəqliyyat-logistika zəncirlərinin səmərəli inkişafına gətirib çıxaracaq

Lakin beynəlxalq nəqliyyat-logistika sektorunun inkişaf edərək dünyanın fərqli regional iqtisadiyyatlarının inteqrasiya olunmasında oynadığı hazırkı rolu və bugünkü qlobal çağırışları diqqətə aldıqda, rahatlıqla demək mümkündür ki, liman və dəmir yolları arasındakı əlaqə sadəcə bir növdən digərinə transfer körpüsü olmaqdan çıxmışdır. Onların səmərəli inteqrasiyası bütün sistemin – qlobal təchizat zəncirinin həlledici amillərindən birinə çevrilib. Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq nəqliyyat-logistika zəncirinin inkişaf etdirilməsi məqsədilə dəmir yollarına və limanlara münasibətdə vahid baxış, siyasət və strategiyanın olması, onlara vahid sistemin qarşılıqlı əlaqədə və asılılıqda olan elementləri kimi yanaşılması daha səmərəli hesab edilir.

Nəzərə alınmalıdır ki, günümüzdə daşımalar sadəcə bir məntəqədən digərinə yüklərin fiziki daşınması ilə məhdudlaşmır. Artıq daşımalar müştəridən ilkin sifarişin alınması, sifarişə uyğun yeni dəyərlərin yaradılması və son müştəriyədək çatdırılmasını əhatə edən uzun və mürəkkəb logistika zəncirinin idarə edilməsinin vacib bir komponentini ehtiva edir. Müəyyən coğrafi istiqamətlər üzrə illərlə formalaşmış belə təchizat zəncirləri beynəlxalq marşrutların və dəhlizlərin əsasını təşkil edir və bu dəhlizlər öz aralarında rəqabətdədirlər.

Qeyd edilən rəqabətin əsas amilləri marşrutun və ya dəhlizin təhlükəsizliyi (etibarlılığı və davamlılığı), sürəti və qiymətidir.

Seçilən
0
3
ekologiya.az

4Mənbələr