AZ

FİFA 2025-ci il klublararası dünya çempionatının iştirakçılarına 1 milyard dollar pul mükafatı ayıracaq

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının iştirakçılarına mükafat pulu kimi bir milyard dollardan çox vəsait ayıracaq, “BBC” öz mənbələrinə istinadən xəbər verir.

Turnir ilk dəfə olaraq yeni formatda iyunun 14-dən iyulun 13-dək ABŞ-da 12 Avropa klubu da daxil olmaqla 32 komandanın iştirakı ilə keçiriləcək və hər biri hətta qrup mərhələsində də pul mükafatından pay alacaq. Pley-off mərhələsində ödənişlər daha yüksək olacaq.

Yarışda Avropadan 12 klub (o cümlədən Çempionlar Liqasının son 4 qalibi, həmçinin klub reytinqində ən yaxşı 8 komanda), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4, Okeaniyadan 1 klub və ev sahibi ölkənin təmsilçisi mübarizə aparacaq.

Əvvəllər klublararası dünya çempionatı hər il keçirilirdi və cəmi 7 komanda iştirak edirdisə, indi turnir dörd ildən bir keçiriləcək və strukturu milli komandalar arasında dünya çempionatına bənzəyəcək.

Komandalar 4 klubdan ibarət 8 qrupa bölünəcək. Hər qrupdan ilk iki yeri tutan komanda pley-off mərhələsinə yüksələcək. Üçüncü yer uğrunda görüş olmayacaq.

Artıq bu turnirdə oynamaq hüqüqu olan Avropa klubları arasında “Çelsi”, “Mançester Siti”, “Bavariya”, “Borussiya” Dortmund, “PSJ”,” Inter”, “Yuventus”, “Atletiko” Madrid, “Benfika”, “Porto” və “Salzburg” var.

Nəzərə alaq ki, “Real” Madrid Avropa Klublar Assosiasiyasının (ECA) bir hissəsi deyil və Avropa Super Liqası təşəbbüsü ilə bağlıdır.

Bu, dünya klub futbolu tarixində ən böyük pul mükafatıdır.

“BBC” həmçinin öyrənib ki, FİFA və ECA (açıq şəkildə şərh etməsələr də ) turnirdə iştirak edə bilməyən Avropa klubları üçün "həmrəylik ödənişləri"nin tətbiqi ilə bağlı danışıqlar aparırlar.

Oxşar təcrübələrin yaxın gələcəkdə Afrika, Asiya və Amerika klublarında da tətbiq ediləcəyi gözlənilir.

FİFA prezidenti Canni İnfantino dekabrda demişdi: "FIFA nə edirsə etsin, o, qlobal olmalıdır".

FİFA daha əvvəl Klublararası Dünya Çempionatının yayım hüququ üçün DAZN striminq xidməti ilə 1 milyard dollar dəyərində eksklüziv müqavilə bağlamışdı. Bu vəsait bütünlüklə mükafat fonduna və bütün dünyada klub futbolunun inkişafına yönəldiləcək.

Düzdür, FİFA söz verir ki, özü üçün bir dollar da götürməyəcək və bütün məbləği klub futbolunun inkişafı üçün beynəlxalq layihələrə yatıracaq.

Afrika Futbol Konfederasiyası (CAF) artıq FİFA-ya və yeni turnir formatına dəstəyini bildirib.

Almaz Həsənli

Seçilən
23
oxumeni.az

1Mənbələr