AZ

Karrager afrikalıları ayağa qaldırdı

Karyerasını bitirdikdən sonra şərhçi kimi fəaliyyət göstərən sabiq ingiltərəli futbolçu Ceymi Karrager son günlər verdiyi qalmaqallı açıqlamalarla böyük müzakirələrə səbəb olub.

Bütün karyerasını “Liverpul”a həsr edən 47 yaşlı Karrager “Mançester Siti”nin “Real”a qarşı səfərdəki cavab oyunu zamanı “Holann Rüdigerə qarşı oynamaqdan qorxduğu üçün meydana çıxmaq istəmədi” kimi absurd bir ifadə işlətmişdi. Bu sözlərdən hətta Xosep Qvardiola da dəhşətə gəlmiş və bunun reallığı əks etdirmədiyini bildirmişdi.

Bu olaydan bir neçə gün sonra Karrager bu dəfə ağzından daha böyük “quş buraxdı”. O, Məhəmməd Salahın “Qızıl top”u qazanmaq şansının az olduğunu bildirdi və bunu Misir yığmasının ciddi turnirdə iştirak etməməsi ilə əlaqələndirdi. Başqa sözlə desək, Karrager Afrika Millətlər Kubokuna (AMK) dırnaqarası yanaşdığını göstərdi!

Onun bu sözünə ilk cavab vaxtilə İngiltərə yığmasında birlikdə top qovduğu Rio Ferdinandan gəldi:

“Bəlkə də Karragerin bu fikrini bir çox insan qəlbində dəstəkləyir. Amma bu, ilk növbədə hörmətsizlikdi. Droqba, Eto`O, Abedi Pele, Mahrez, Salah, Mane kimi futbolçulardan soruşsaz, onlar sizə bu turnirin önəmindən saatlarla bəhs edə bilər. Düzdü, AMK Avropa çempionatındakı resursları almır və onun qədər populyar deyil. Amma bu, onu gözdən salmaq üçün səbəb deyil. AMK da sevilməyə və hörmətə layiq olan turnirdi”.

Təbii ki, afrikalı isimlər də bu məsələdən kənar qalmayaraq Karrageri “sürüdülər”. 2 mövsüm (2002/03, 2003/04) Karrager ilə birlikdə “Liverpul”da top qovmuş sabiq seneqallı futbolçu Əl-Hac Diuf sosial şəbəkədəki səhifəsində paylaşım edərək hətta ingiltərəlini irqçilikdə də günahlandırıb:

“AMK futbolda ən güclü üç turnirdən biridi. Bunu tək mən yox, rəqəmlər də sübut edir. Son turniri bütün dünyada 1,4 milyard insan izləmişdi. Həmin turnir 170 ölkədə canlı yayınlanmışdı. Bütün bunlar mənim sözlərimi təsdiq edir. Ona görə də AMK-ya hörmətlə yanaşmaq lazımdı. Afrikalı istedadlar müxtəlif dönəmlərdə dünyanın aparıcı liqalarında iz buraxıblar. Eto`O, Droqba, Okoça, Vea, Mane, Salah və başqaları. Sən isə səviyyə baxımından bu afrikalılara heç yaxın da dura bilmərsən. Sən irqçisən. Axı sən kimsən ki, bizim turniri aşağılayırsan? AMK Afrika qitəsinin qürurudu. Bu gün Afrikada “Ceymi Karrager” desən, insanlar zənn edəcək ki, söhbət hansısa ketçupdan gedir. Sən həm Afrikanın ən böyük turnirinə, həm də dünya futbolunda iz buraxmış dahi afrikalı futbolçulara hörmətsizlik edirsən. Sadəcə, öz varlığını insanlara xatırlatmaq üçün bunu edirsən”.

Elə uzun illər “Çelsi”də top qovmuş sabiq nigeriyalı futbolçu Con Obi Mikel də “Deyli Meyl”ə açıqlamasında Karrageri sərt sözlərə “qonaq edib”:

“Onun səsləndirdiyi fikir hörmətsizlikdən başqa bir şey deyil. Və bunu İngiltərə yığması ilə heç bir ciddi titul qazanmayan bir şəxs dilə gətirir. Ümid edirəm ki, sözünə görə üzr istəyəcək. Bütün dünyadakı afrikalılardan üzr istəməlidi. Belə gözəl turnirə hörmətiszlik nümayiş etdirmək düzgün deyil. Premyer-liqa yalnız ingiltərəli futbolçulardan ibarət olsaydı, indiki səviyyəsinə çata bilərdimi? Bu düşüncənin özü artıq gülməlidi. Karrager AMK ilə bağlı fikri dilə gətirərkən onun özündənrazı şəkildə gülümsəməsi diqqətimdən qaçmadı. Məni ən çox məyus edən məhz budu. Bu oğlan çıxıb televizorda komandaları təhlil edir, hamıya məsləhətlər verir, çempion olmaq üçün kimin nə etməli olduğunu deyir. Halbuki özü bir dəfə də premyer-liqanı qazanmayıb! Sənin nə İngiltərə çempionluğun var, nə də yığma səviyyəsində bir uğurun. Ona görə də sən çempion olmaq üçün nə etmək lazım gəldiyini bilmərsən. Sənin belə mükəmməl turniri aşağılamağa haqqın yoxdu”.

Qeyd edək ki, bukmekerlərin ümumi fikrinə əsasən Salah hazırda Mbappe ilə birlikdə “Qızıl top”a əsas namizəd olan iki futbolçudan biridi.
Seçilən
34
football-plus.az

1Mənbələr