Bakı, TurkicWorld
Təhlükəsizlik qüvvələrimizin əməliyyatları sayəsində sərhədlərimiz daxilində terror bitmək üzrədir. 40 illik bəladan xilas olmağa çox yaxınıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, təhlükəsizlik qüvvələri ilə iftar proqramında çıxış edərkən deyib.
Ərdoğan bölgədəki hadisələri yaxından izlədiklərini və hər cür ssenariyə hazır olduqlarını bildirib.
"Qabar və Cudidə terrorçuları yerin dibinə gömdünüz. Siz bir-birinizə arxa-dayaq olduqca, heç kim bizi bu torpaqlardan çıxara bilməz. Allah ömür verdikcə bu torpaqlarda başımız dik, alnımız açıq şəkildə yaşamağa davam edəcəyik",- deyə Ərdoğan qeyd edib.
Ərdoğan həmçinin Suriyada və Qəzzada baş verən son hadisələrə də nəzər yetirib.
"Suriya xalqı zalım rejimi devirdi. O andan bəri 133 min suriyalı qardaşımız vətəninə geri qayıtdı. Ümumilikdə isə vətəninə qayıdan suriyalıların sayı 873 minə çatdı. Heç kimi məcbur etməyəcəyik, amma qayıtmaq istəyən qardaşlarımıza lazımi dəstəyi göstərəcəyik",- deyə o vurğulayıb.
"Eyni vəziyyəti Qəzzədə də gördük. 471 gün davam edən soyqırım və qətliamda qlobal sionist lobbilərin bütün təzyiqlərinə baxmayaraq, qardaşlarımıza sahib çıxdıq. Bu gün bir çox ölkə fələstinlilərin üzünə baxmağa belə cəsarət etmir, amma biz Qəzzalı qardaşlarımızın səmimi dualarına nail oluruq",- deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə, üzləşdiyi bütün xəyanət və hücuma baxmayaraq, təhlükəsizlik sahəsində zəiflik yaşamırsa, bunun səbəbi vaxtında atılan uzaqgörən addımlardır.
Qeyd edək ki, daha öncə PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırışı edib.
"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm", - deyə Öcalanın mesajında qeyd olunub.
Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.