Aİ liderləri Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi Avropanın 800 milyard avroluq hərbiləşdirilməsi planı (AB-nin yenidən silahlanması) üzrə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ liderlərinə 800 milyard avroluq büdcə ilə İttifaqı yenidən silahlandırmaq planı təklif etdiyini açıqlayıb. AK-nin təklifi Aİ ölkələrinin müdafiə üçün 150 milyard avroya qədər borc almasını nəzərdə tutur. Avropa Komissiyası bu pulu kapital bazarlarından borc götürəcək və sonra Avropadan birgə silah almaq şərti ilə dövlətlərə borc verəcək. Bu vəsait Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına yönəldiləcək.
AK həmçinin ölkələrə silah istehsalı üçün daha 650 milyard avro cəlb etmək üçün müdafiə xərclərini 1,5 % artırmağı təklif edib. Bu pullar dövlət kreditləri şəklində Aİ ölkələrinin özləri tərəfindən cəlb edilməlidir.