Kürdəmir Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elnur Qurbanovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rahid Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə ötən il Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” restoranında qeydə alınıb.
Belə ki, Elnur Qurbanov sözügedən restoranda toy məclisi zamanı sərxoş vəziyyətdə olub. O, restoranın giriş qapısının qarşısında azyaşlı övladına tanımadığı şəxsin acıqlanaraq çıxıb getdiyini görüb. Sonra təqsirləndirilən şəxs həmin şəxsi axtarmaq üçün restoranın nəzarətçisi olan zərərçəkmiş Asif Mərdanova (soyadı şərtidir) yaxınlaşıb. Elnur azyaşlı uşağına acıqlanan şəxsin kim olduğunu bilmək üçün restoranın nəzarət kameralarına baxmaq istəyib. Daha sonra o, Asifə nalayiq söyüşlər söyərək restoranın zalında olan stulları, banket zalının giriş qapısının şüşəsini sındıraraq məhv edib. Eyni zamanda Elnur Asifin üzərinə hücum edərək qəsdən üz nahiyəsindən yumruqla bir dəfə vurub.
Hadisədən sonra Elnur Qurbanov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.