Bakıda mənimsəmədə təqsirləndirilən Tehran Fəxrəddinovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 5 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Tehran Fəxrəddinov 01 mart 2021-ci il tarixdən 19 may 2022-ci il tarixədək olan müddət ərzində Bakıda MMC-lərin birinin Şimal bölgəsi üzrə satış meneceri vəzifəsində işləyib. O, çalışdığı müddətdə ümumilikdə 53291 manat məbləğində pulu şirkətin kassasına təhvil verməyərək mənimsəyib.
Məlumata görə, təqsirləndirilən şəxs mənimsədiyi pul vəsaitlərinin müəyyən hissəsini “TikTok” sosial şəbəkəsində virtual hədiyyə və bəxşişlərə xərcləyib.
Tehran Fəxrəddinov elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, həqiqətən də 15 min manat məbləğdə pulu “TikTok” sosial şəbəkəsinə köçürüb, canlı yayımlara hədiyyə atıb. O qeyd edib ki, həmin hədiyyələri şəxsi pulları hesabına, həmçinin bankdan götürdüyü kredit hesabına alıb. Bildirib ki, həmin dövrdə o, ayda 1500 manat məbləğində əmək haqqı alıb, həmçinin özünə məxsus iki ədəd nəqliyyat vasitəsini sataraq pul əldə edib.