BAKI, TurkicWorld
Kanadalılar qəhvə menyularından "Americano" adını silərək onu "Canadiano" ilə əvəz ediblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ və Kanada arasında münasibətlərin pisləşməsi fonunda Kanadada anti-Amerika əhval-ruhiyyəsi artmaqdadır.
ABŞ prezidenti Donald Tramp hakimiyyətinin əvvəlində Kanadanın tam müstəqil bir dövlət kimi qəbul edilməsinə dair bəyanatlar versə də, sonradan ölkəyə əlavə vergilər tətbiq edərək iqtisadi təzyiq göstərməyə başladı. Kanadalılar isə bunu açıq-aşkar "hörmətsizlik" kimi qiymətləndirirlər.
İki ölkə arasındakı gərginliyə ilk reaksiya idman azarkeşlərindən gəlib. Kanadalılar etiraz məqsədilə Amerika himnini fitə basıb. Xokkey oyunlarında isə hər iki ölkənin idmançıları arasında gərgin anlar yaşanıb.
Lakin etirazlar bununla məhdudlaşmayıb. Kanadalılar ABŞ məhsullarına boykot elan edərək ərzaq mağazalarından Amerika məhsullarını yığışdırmağa başlayıblar. Sosial mediada isə #BuyCanadian (#KanadaMəhsullarıAl) kimi həştəqlər geniş yayılıb.
Bu gərginliyin ən diqqətçəkən nümunələrindən biri isə qəhvə menyularında özünü göstərib. Torontoda bir kafe "Americano" adını menyusundan çıxararaq "Canadiano" adı ilə əvəzləyib. Hətta menyuda 51-ci ştat olmağı rədd edən simvol da əlavə edilib.
Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət gərginliyi Tramp administrasiyası dövründə bir sıra yeni tariflər və iqtisadi maneələrlə daha da artmışdı. Hazırda bu vəziyyət müxtəlif sahələrdə öz təsirini göstərməkdədir.