AZ

Çin Xarici İşlər naziri Rusiya, Aİ və ABŞ ilə münasibətlərdən danışdı - ÖZƏL

Çinin xarici siyasət strategiyası dəyişməz qalır və Pekin dünya miqyasında ədalətin qorunması, sülh və sabitliyin təmin edilməsi üçün bütün ölkələrlə əməkdaşlığa davam edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Çin XİN rəhbəri Van Yi ölkənin əsas siyasi tədbiri - "İki Sessiya" çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

Van Yi, Rusiya ilə ABŞ arasındakı danışıqların Moskva-Pekin strateji əməkdaşlığına təsir edib-etməyəcəyi sualına cavab verərək, Çin və Rusiya arasındakı dostluğun dəyişməz qalacağını vurğulayıb. Onun sözlərinə görə, ikitərəfli münasibətlər beynəlxalq arenadakı hadisələrdən asılı olmayaraq yetkin, möhkəm və sabit olacaq.

Nazir əlavə edib ki, Çin və Rusiya tarixi təcrübəyə əsaslanaraq bir-birinə daim xoş niyyət və dostluq nümayiş etdirməkdə davam edəcək və qarşılıqlı faydaya əsaslanan strateji əməkdaşlığı gücləndirəcək.

Eyni zamanda, Van Yi Çin və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin böyük strateji əhəmiyyət daşıdığını və qlobal miqyasda mühüm təsirə malik olduğunu qeyd edib:

"Çin və Avropanın ümumi iqtisadi gücü qlobal iqtisadiyyatın üçdə birindən çoxunu təşkil edir. Çin-Aİ əməkdaşlığı bütün dünya üçün mühüm strateji əhəmiyyət daşıyır."

Nazir həmçinin Çin və ABŞ arasındakı əlaqələrə toxunaraq bildirib ki, Pekinə təzyiq göstərməklə eyni zamanda onunla yaxşı münasibətləri qoruyub saxlamaq mümkün deyil.

"Çin və ABŞ geniş ortaq maraqlara və əməkdaşlıq imkanlarına sahibdir və birgə inkişaf və rifah naminə tərəfdaş ola bilərlər. Çin tərəfi Prezident Si Cinpinin irəli sürdüyü qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Çin-ABŞ münasibətlərini sabit və sağlam şəkildə inkişaf etdirmək niyyətindədir." - deyə Van Yi bildirib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr