
Fransa İmperatoru Napoleon Bonaparta məxsus olan “Fransa Mülki Məcəlləsi” Parisdə keçirilən hərracda 395 min avroya satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi hərracın keçirildiyi hərrac evinə istinadla məlumat yayıb.
Hərrac “Tajan” hərrac evində baş tutub. İlkin olaraq, onun dəyəri 100-200 min avro qiymətləndirilib.
Birinci İmperiyanın süqutundan bəri kodeks bir ailədə saxlanılıb. Söhbət Napoleonun sadiq davamçılarından biri, Paris yaxınlığındakı Sen-Klu Şatosunun keçmiş inzibatçısı Etyen Şarvenin nəslindən gedir.
İmperator bu kitabı ona 1814-cü ildə Elba adasında sürgünə göndərilərkən verib. Kitabın həqiqiliyini onunla birlikdə satılan Etyen Şarvenin oğlu Jan-Pyer Şarvenin məktubu təsdiq edir.
Qeyd edək ki, 1799-cu ildə hakimiyyətə gəldikdən sonra Napoleon daxili siyasətdə bütün ölkə üçün vahid vətəndaş məcəlləsinin işlənib hazırlanmasını əsas vəzifə kimi qoyub. Sənəd 1804-cü ildə ictimaiyyətə təqdim edilib.
Xatırladaq ki, 1804-cü il Kodeksi Fransada düzəlişlər və əlavələrlə bu günə qədər qüvvədə qalır.
