Elvira Dəmirova: “Zelenski Trampla mübahisədən sonra da kostyum sifariş etməyib”
İstedadlı dizayner, milliyətcə azərbaycanlı Elvira Dəmirova (Həsənova) uzun müddətdir ki, təkcə Ukraynada deyil, xaricdə də tanınır. O, Ukraynada qadınlar üçün “GASANOVA” və kişilər üçün “Damirli” brendlərinin sahibidir. Bu brenddən olan paltarlar Ukraynanın hüdudlarından kənarda da kifayət qədər bəyənilib və sevilir. Dizayner müxtəlif xarici ölkələrdə keçirilən Moda həftələrində mütəmadi olaraq yeni kolleksiyalar təqdim edir. Təsadüfi deyil ki, Gigi Hadid, Peris Hilton, İrina Şeyk kimi dünyaca məşhur modellər məhz Elviranın brendlərindən geyinirlər.
E.Dəmirovanın naxışlı köynəkləri Britaniyanın keçmiş baş naziri Boris Consonun da qarderobuna daxildir.
Elvira Dəmirova (Həsənova) milliyətcə azərbaycanlıdır. O, Ukraynaının Donetsk vilayətində doğulub.
İndi E.Dəmirova Ukraynanın birinci xanımı Yelena Zelenskaya və prezident Volodimir Zelenskini də geyindirməklə tanınır. Azərbaycanlı dizayner prezident və xanımına rəsmi görüşlər üçün paltaralr seçib təqdim edir. Onun brendindən olan köynəklər və cins şalvarlar prezident Volodimir Zelenskinin əynində olur.
Modern.az-ın məlumatına görə, Elvira “GASANOVA brendini 2014-cü ildə təsis edib. Hər il onun yeni kolleksiyası Ukrayna Moda Həftəsi çərçivəsində nümayiş olunur. 2021-ci ildə brendin kolleksiyası Nyu-York Moda Həftəsində rəqəmsal olaraq nümayiş etdirilib.
“Mən yaradıcı uşaq idim və həmişə böyük təşkilatçılıq bacarığına sahib olmuşam. 6 yaşımdan rəsm məktəbinə gedirdim, 11 yaşımdam isə məktəb və universitetdə KVN komandasının aparıcısı və kapitanı idim. Ancaq bütün bunlarla mən əlavə olaraq məşğul idim, çünki ali təhsil almağı düşünürdüm”, - Elvira Ukrayna mətbuatına müsahibəsində bildirib.
O, Ukraynada Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb və aili məktəbi qırmızı diplomla bitirib. Bundan əlavə, magistr dərəcəsinə də yiyələnib.
Elvira 2012-2014-cü illərdə Donetskdəki özəl klinikada diş həkiminin assistenti kimi fəaliyyət göstərib.
Onun dizayner karyerası ilk dəfə 2014-cü ildə Donetsk Moda Həftəsində könüllü olmaq istəyindən başlayıb.
“Başa düşdüm ki, özümü dizayner olaraq yoxlaya bilərəm və hazırlığa başladım. İlk kolleksiyamı ancaq öz puluma - rektor təqaüdü və şəxsi ehtiyatlarım hesabına tikdim”.
Rusiya ilə müharibə başlayandan sonra o, Kiyevə köçüb və hazırda orada yaşayır.
“Kiyevdə diş həkimi kimi işə düzəlmək fikrim var idi. Amma internaturanı təzəcə bitirmişdim, həkim işləyib yaxşı pul qazanmaq çətin idi. Buna görə də mən geyim brendimi inkişaf etdirmək qərarına gəldim, çünki Donetskdən çoxlu müştərim də Kiyevə köçmüşdü”.
Kiyevdə Elvira dizayner kimi öz üslubunu tapdı və moda dünyasında özünü təsdiq etdi.
İndi Elvira Dəmirova dünya səviyyəli dizaynerdir. Onun “GASANOVA” brendi Ukraynadan kənarda da tanınır və sevilir.
Elviranın moda yaradıcılığı Ukraynanın məşhur sənət adamlarının diqqətini çoxdan cəlb edib. O, ukraynalı müğənni Slava Kaminskaya, modellər Alina Baykova və Snejana Onopko ilə dostdur.
“Mən səmimi, pozitiv və açıq insanları çox sevirəm”, - o deyib.
Elvira məşhur insanlar arasından olan müştərilərini necə tapdığını belə izah edib:
“Elə olub ki, onlara özüm yazmışam. Amma bizə çox vaxt kifayət qədər ulduz geyindirdikdən sonra müraciət edirlər. Və əlbəttə ki, biz ulduzlarla əməkdaşlıq edən stilistlər vasitəsilə işləyirik: onlar tez-tez bizə yazır, bəzi geyimlərimizi almaq istəyirlər”.
Elviranın hazırda böyük komandası var, müxtəlif şəhərlərdə butikləri fəaliyyət göstərir.
Dizaynerin həyat yoldaşı da azərbaycanlıdır - Ehtiram Dəmirov. Onlar 2021-ci ilin əvvəllərində evləniblər. Elvira hazırda ərinin soyadını daşıyır.
2021-ci ilin noyabrında Elvira və Ehtiram Dəmirovların Aylin adlı qızları dünyaya gəlib.
Yeri gəlmişkən, Elviranın sahibi olduğu “Damirli” kişi geyim brendi ərinin soyadı ilə bağlıdır.
Elvira Dəmirova Ukrayna mətbuatına birinci xanım ilə necə tanış olmasından və əməkdaşlığa başlamasından danışıb.
“Uzun müddət idi ki, həm prezidenti, həm də birinci xanımı geyindirmək arzusunda idim, amma nədənsə alınmırdı. Prezidentin inauqurasiyasından sonra ilk stilist nədənsə bizə məhəl qoymadı, ona görə də çox cəhd etmədik. Mən hər şeyin sevgi ilə edilməsini xoşlayıram.
Müharibə başlayandan sonra mənim bədii rəhbərim Yevgeniya Skvarskaya dedi ki, indi birinci xanımın yeni stilisti var və o, çox mülayim insandır, onunla danışın. Mən onunla əlaqə yaratdım və sonra bizim birinci xanımla əməkdaşlığımız başladı, paralel olaraq prezident üçün də nəsə etməyə çalışdıq”.
Elvira Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməyini və prezidentlə birinci xanımı qələbə münasibətilə geyindirməyi çox arzulayır
“Çox istəyirik ki, Yelena Vladimirovna bizim xüsusi olaraq hazırladığımız naxışlı köynəyimizi Qələbə günündə geyinsin. Birinci xanım hətta onu artıq görüb və ümid edək ki, bu, tezliklə baş verəcək. Baxmayaraq ki, onun hansı paltar olacağı çox da önəmli deyil. Amma bizim olsa, fəxr edəcəm.
Prezidentin qələbə kostyumuna gəldikdə, təəssüf ki, hələ bunun üçün bizə müraciət daxil olmayıb. Prezident hələ də düzgün geyimə fikir vermir. Ona görə də onun çoxlu təsadüfi köynəkləri, polo köynəkləri və naxışlı köynəkləri var. Demək olar ki, əksəriyyərti “Dəmirli” brendindəndir”.
Prezident Volodimir Zelenskinin geyim üslubu üzərində işləyən Elvira Dəmirova ölkə rəhbərinin genişmiqyaslı müharibə zamanı qarderobunu necə formalaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, prezident geyiminə xüsusi önəm vermir, ona görə də əşyaların görünüşündən çox rahatlığa fikir verir.
Bununla belə, Elvira Dəmirova qeyd edib ki, Volodimir Zelenskinin geyiminə kiçik tələbləri də var. Modelyer bunu belə izah edib: "O, nə geyinəcəyini seçmir. Sadəcə, rahat olmalıdır. Biz şalvar tikəndə onların kifayət qədər hərbi olmadığını görəndə ondan imtina edir və geyinmir".
Dizaynerin sözlərinə görə, Ağ Evdəki Oval kabinetdə prezident Donald Trampla gərgin danışıqlardan sonra Ukrayna lideri özünün geyim üslubu ilə bağlı mövqeyini dəyişməyib.
Fevralın 28-də Volodimir Zelenski ABŞ-a rəsmi səfər edib və Ağ Evdə Donald Trampla görüşüb. Danışıqlar kifayət qədər qızğın tonda gedib, ölkə liderləri arasında bir neçə dəfə mübahisə yaranıb. Bu mübahisə zamanı hətta Zelenskiyə niyə kostyum geyinmədiyi irad tutulub. Sualın yersiz olmasına baxmayaraq, Volodimir Zelenski belə cavab verib: “Müharibəmiz bitəndə geyinəcəm. Bəlkə də sizinki kimi. Bəlkə daha yaxşı. Bəlkə daha ucuz. Görək!".
Elvira Dəmirova bildirib ki, Trampla mübahisədən sonra da Ukraynanın dövlət başçısı özünə iş kostyumu sifariş etməyib.
Dizayner etiraf edib ki, siyasətçilərin Ağ Evdəki görüşündə Ukrayna prezidentinin geyiminin müzakirə mövzularından birinə çevriləcəyini gözləmirmiş. Bununla belə, dizaynerin fikrincə, Ukrayna lideri öz obrazları vasitəsilə ölkəsində müharibə getdiyini, xalqı ilə həmrəy olduğunu nümayiş etdirir.
Elvira Dəmirova onun brendindən olan naxışlı köynəyin Boris Consonun qarderobuna necə daxil olmasından da danışıb:
“London Moda Həftəsində kolleksiyalarımızı təqdim etdiyiniz zaman o bizi ziyarətə gəldi, çay içdik, hətta bir neçə layihəni müzakirə etdik. Ancaq bizim naxışlı köynəyimiz brendimizin daimi müştərisi olan həyat yoldaşı sayəsində Boris Consonun diqqətini çəkib. Xanımı sayəsində Boris Conson “Dəmirli” naxışlı köynəyini geyinib. Onunla dostluğumuz belə yarandı. Hətta onların uşaqları da artıq bizim əşyalarımızdan geyinirlər. Və bu, bizi üçün həqiqətən çox sevindirir”.
Ə.Qafarlı