AZ

İğdır-Naxçıvan qaz kəmərinin açılışı hər iki ölkə üçün yeni layihələrin başlanğıcıdır ŞƏRH

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə etdiyi işgüzar səfəri iki ölkə arasında dostluq, siyasi, iqtisadi və ümumiyyətlə, hərtərəfli münasibətlərinin möhkəm və sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyənin dövlət başçıları ilə yanaşı, digər rəsmi şəxslərinin də iştirakı ilə qardaş ölkənin paytaxtı Ankara şəhərində keçirilən görüşdə bir sıra mühüm strateji məsələlərin müzakirəsi, o cümlədən İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında baş tutan açılış mərasimi hər iki ölkə üçün yeni layihələrin və yeni əməkdaşlığın başlanğıcı olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputatın sözlərinə görə, artıq təməli qoyulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları mövcuddur. “Görüşdə iştirak edən hər iki ölkə rəsmilərinin layihə ilə bağlı fikir mübadiləsi onu deməyə əsas verir ki, İğdır-Naxçıvan qaz boru kəməri Naxçıvanın qaz təchizatını şaxələndirmək və genişləndirməklə yanaşı, eyni zamanda, İğdır əhalisinin bu istiqamətdə rifahının və təbii qaza olan tələbatının yüksəlməsi ilə nəticələnəcək.

İğdır-Naxçıvan qaz kəməri layihəsinin açılışı günü iki ölkənin möhkəm qardaşlığını sübut edən önəmli bir gündür. Həmçinin məlumdur ki, Türkiyə və Azərbaycan arasında uzun illərdir bu kimi nəhəng layihələr olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri fəaliyyət göstərərək ölkələrimizin bağlılığını artırır, Türkiyə və Azərbaycanın iqtisadi-siyasi inkişafına təkan verir. Qeyd olunan layihələr illərdir ki, hər iki dövlətin həm neft-qaz təminatının yaxşılaşmasına, həm də dövlətlərimizin maddi rifahının yüksəlməsinə xidmət edir. İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Türkiyə və Azərbaycanın ortaq taleyinin nişanəsidir. Ümumilikdə 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik olan kəmər Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il müddətinə təmin edə bilər.

Layihələr nəticəsində Türkiyədən başqa digər qonşu dövlətlər, o cümlədən 10 Avropa ölkəsi də Azərbaycan qazını idxal etməklə bu xidmətdən yararlanır və öz enerji təhlükəsizliyini gücləndirirlər.

Bütün bunlar ölkələr arasında digər layihələrin, o cümlədən nəqliyyat layihələrinin də həyata keçirilməsinə zəmin yaradıb. Hesab edirik ki, bu gün istifadə edilən Bakı-Tbilisi-Qars dəmir yolu iki ölkəni birləşdirən, vətəndaşlarımızın rahat şəkildə səfərlərinin bir hissəsini təmin edən çox gözəl və əlverişli nəqliyyat xidmətidir. Bu hal iki türk dövləti arasında birliyin, qarşılıqlı anlaşmanın, faydalı bağlılığın nümunəsidir və bütün Türk dünyasına töhfədir”.

P.Vəliyeva iqtisadi və siyasi əməkdaşlıqların Türk dünyasının birləşməsi, həmrəy və həmfikir olması üçün önəmli məsələ olduğuna diqqət çəkib: “Biz türk dövlətlərinin üzərinə düşən vəzifə isə ortaq maraqlar və əməkdaşlıqlar üzərində Türk dünyasının birliyini əbədi etməkdir. Türkiyə və Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və rifahın tərəfdarıdır. Bu məqsədlə atılan nümunəvi addımlardan biri də 2024-cü ilin iyul ayının 6-da Şuşa şəhərində Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi” olub. Bu görüşdə Türk Dövlətləri Təşkilatının strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, kollektiv strategiyanın formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi xüsusi nəzərə alınıb. Həmçinin Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xalqımız arasında əbəs yerə “Bir millət, iki dövlət” şüarı ifadə olunmayıb. Bu şüar altında birləşən qardaşlıq münasibətlərimizin nəticəsidir ki, bu gün hər iki dövlət böyük irəliləyilşlər, uğurlar əldə edib, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə inkişaf edib. Müqəddəs Ramazan ayında iki qardaş ölkənin prezidentlərinin birlikdə iftar süfrəsində əyləşmələri ölkə başçılarının son dərəcə mehriban münasibətlərinin və möhkəm dostluq əlaqələrinin təcəssümüdür”.

Seçilən
97
33
azertag.az

10Mənbələr