AZ

Kənd Təsərrüfatı Nazirliyi “Üfüq” Karyera İnkişaf Proqramına start verib

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənəd qurumda intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da kadr ehtiyatı bankının yaradılması istiqamətində əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, tərəflər nazirlik daxilində “Üfüq” Karyera İnkişaf Proqramını həyata keçirəcək.

İlk dəfə təşkil edilən proqram üzrə müsabiqəyə Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli bütün əməkdaşlar qoşulacaq. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim (qabiliyyət üzrə) və finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək.

Müsabiqə tam obyektivlik, qərəzsizlik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən və artıq 4 dəfə uğurla həyata keçirilmiş “Yüksəliş” müsabiqəsinin ekspertləri və təşkilati komandası tərəfdaş qismində iştirak etməklə müsabiqə proqramı və materiallarını hazırlayacaq, müsabiqə çərçivəsində iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək.

Müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Həmçinin müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək və daha yüksək vəzifə təyinatında müsabiqənin nəticələri nəzərə alınacaq.

Seçilən
11
7
sia.az

8Mənbələr