Azərbaycan və Türkiyənin reallaşdırdığı birgə layihələr təkcə bu dövlətlər üçün deyil, eləcə də region ölkələri üçün əhəmiyyətli hesab olunur. Xüsusən, enerji sahəsində həyata keçirilən layihələr Avropa dövlətləri üçün də səmərəlidir. Məlum olduğu kimi Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə bu münasibətlər dərinləşib. Bundan başqa, 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP layihəsi də Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. Sözügedən layihələr Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır. Martın 5-də isə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Xatırladaq ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var. Mütəxəssislər İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu kimi dəyərləndirilər. Birmənalı şəkildə qeyd edilməlidir ki, bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə hər iki dövlət başçılarının iradəsi mühüm rol oynayıb.
Açılış mərasimində çıxış edən dövlət başçıları sözügedən qaz kəməri layihəsinin hər iki dövlət üçün xüsusi əhəmiyyətini qeyd ediblər. Xüsusən layihə reallaşdıqdan sonra bütün Naxçıvan qazla təmin ediləcək. Məlum olduğu kimi vaxtilə Naxçıvan blokada vəziyyətində yaşayırdı, 1990-cı ildə Ulu Öndərin Naxçıvana gəlişi ilə onun müdafiəsi təşkil edilmiş oldu. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür - İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir: "Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular".
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlığı, ikitərəfli əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoyub. Müasir dünyada və geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin əhəmiyyəti danılmazdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir".
Onu da qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri həm də Türk dövlətləri üçün əhəmiyyət daşıyır. Nəticədə Türk dövlətlərinin coğrafiyası genişlənir, əməkdaşlıq imkanları artır, iqtisadi dirçəlik baş verir. Nəticə isə ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin birgə layihələri Türk dövlətlərinin "çəkici bir zindana vurmasının" labüd edir. Bu baxımdan dövlət başçısı qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir: "Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi". Qeyd edək ki, hər iki dövlət başçısının ciddi səyi nəticəsində reallaşan İğdır-Naxçıvan qaz kəməri layihəsi Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayacaq. Bununla da Naxçıvan uzun müddətli blokadadan çıxaraq daha bir çətinliyi dəf etmiş olacaq.
Alim