AZ

“Azərbaycan-Türkiyə münasibətləri “Bir millət iki dövlət” müdrik kəlamı üzərində günü-gündən inkişaf edir”-ŞƏRH

“Azərbaycan -Türkiyə münasibətləri ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” müdrik kəlamı üzərində günü-gündən inkişaf edir. Ölkələrimiz arası münasibətlər  dövlət başçılarımızın şəxsi dostluq və qardaşlıq münasibətləri üzərində genişlənir. Bu münasibətlər  ərsəyə gəlmiş nəqliyyat və enerji layihələri ilə daha da möhkəmlənir.  Belə ki, Bakı-Tiblisi-Qars dəmir yolu, Bakı-Tiblisi Ceyhan neft və Bakı-Tiblisi Ərzurum qaz kəmərləri dəmir və boru xətləri ilə ölkələrimiz arası möhkəmlənən bağların göstəricisidir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, İğdır -Naxçıvan qaz boru xəttinin açılışı həm Naxçıvanın enerji təhlükəsizliyinin  təmin edilməsi baxımından, həm də Türk dünyasının birləşməsi baxımından böyük əhəmiyyətə malik hadisədir:

“Dövlət başçımız mərasimdəki çıxışda 1920-ci ildə Zəngəzuru Azərbaycandan qoparılaraq Ermənistana verilməsi məsələsinə də toxundu. Təbii ki, Zəngəzuru qopardılaraq Naxçıvanı Azərbaycandan fiziki olaraq ayrı salınması Türk dünyası arasında bir fiziki bağlantının kəsilməsi idi. Naxçıvanın Azərbaycandan ayrı salanlar  Türk dünyasının birliyinin güclənməsindən qorxurdu.  Amma dövlət başçılarımızın uzaqgörən siyasəti bu gün  Türk dünyasını yenidən birləşdirir.

Yaxın gələcəkdə  Türkiyənin dəmir yolları və elektrik xətləri ilə  də Naxçıvan birləşəcək. Çəkilən xətlər Naxçıvanla Türkiyə arasında yeni birləşmə bağları yaratsa da bu nəql marşrutları Zəngəzur dəhlizi açılandan sonra bütün Türk dünyası üçün əhəmiyyətli layihələrə çevriləcək. Çünki Zəngəzur dəhlizi vasitəsilə dəmir və avtomobil yolları, elektrik və qaz boru xətlərinin də çəkiləcəyinə inanırıq. Bu da Mərkəzi Asiya ölkələrində istehsal olunan enerji resurslarının də Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Naxçıvanla Türkiyə arasında yaradılan kommunikasiyalar vasitəsilə Avropa bazarlarına çıxarmaq imkanlarını reallaşdıracaq. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında yaradılan nəqliyyat kommunikasiyaları bu gün Naxçıvanın təminatı üçün olduğu kimi görünsə də  gələcəkdə bu, Türk dünyasını birləşdirəcək  beynəlxalq layihələrə çevriləcəyinə şübhəmiz yoxdur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
1
editor.az

2Mənbələr