AZ

Benefisiar mülkiyyətçilər barədə məlumatlarından istifadə ilə bağlı YENİLİK

Azərbaycanda müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyi müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Vergi Məcəlləsi, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb. 

Təklif olunan qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır. 

Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü (hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqi təsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) Tövsiyələrinə istinad edilmişdir. 

Həmin  tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir. 

FATF-ın 24-cü Tövsiyəsi benefisiar mülkiyyətçi məlumatlarının əldə oluna bilməsi üçün 3 fərqli mexanizmi nəzərdə tutur. Bu mexanizmlərdən biri, yəni öhdəlik daşıyan şəxslər tərəfindən müvafiq məlumatların əldə edilməsi tələbi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda təsbit olunsa da, digər iki mexanizm qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Bunlar 1) hüquqi şəxslərin özləri tərəfindən benefisiar mülkiyyətçi məlumatlarının reyestrinin aparılması; 2) hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılması mexanizmləridir. Bu mexanizmlərin qanunvericilikdə təsbit edilməsi ilə qeyd edilən beynəlxalq standartların Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası həyata keçiriləcəkdir. 

Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

   hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
     maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
     təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;
     benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcəkdir.

Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova

Seçilən
8
4
bakivaxti.az

5Mənbələr