AZ

Novruzəli Aslanov: “Azərbaycan qadınları ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər”

“Azərbaycanda dövlət qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqımızın Ümummilli Lideri qadınlarla bağlı məsələlərdə daim yüksək həssaslıq nümayiş etdirmiş, Azərbaycan qadınlarının ictimai, siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi vurğulamışdır. Respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə Ulu Öndər qadın hüquqlarının qorunması və təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasını vacib məsələ kimi daim diqqət məkəzində saxlayırdı. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkənin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.”

Bu fikirləri aia.az-a 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda qadın siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə özünün növbəti, daha yüksək səviyyəsində uğurla həyata keçirilməsi Azərbaycan qadınının potensialının daha effektiv şəkildə açılmasına hüdudsuz imkanlar yaradıb: “Birmənalı olaraq deyə bilərik ki, dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı dünyanın lider ölkələri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir və gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində daha fəal iştirak etmələri Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə gender siyasətinin daha da gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür. Bu gün Azərbaycan qadınları təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında böyük uğur və nailiyyətlər əldə etməkdədirlər. Əlbəttə ki, bu barədə danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli və effektiv fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daim yüksəklərə qaldırır. Milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin dünyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri yüksək ali ideallara, xalqın və dövlətin milli maraqlarına söykənir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Seçilən
31
1
sabahinfo.az

2Mənbələr