Stokholm, 7 mart, Nərgiz cəfərli, AZƏRTAC
Qlobal temperatur rekord həddə qalmaqda davam edir.
AZƏRTAC Avropa İqlim Xidmətinin Kopernik məlumatlarına istinadla xəbər verir ki, bu ilin fevral ayı La-Nina iqlim fenomeninin soyuducu təsirinə baxmayaraq müşahidələr tarixində üçüncü ən isti ay olub.
Eyni zamanda, dəniz buzlaqları minimuma çatıb və 1978-ci ildən bəri peyk müşahidələri tarixində heç vaxt onun sahəsi bu qədər kiçik olmayıb. Şimal rayonlarında xüsusilə yüksək temperatur qeydə alınıb, bəzi yerlərdə 1990-2020-ci illərin orta səviyyəsindən kənarlaşma 6-7 dərəcə Selsi təşkil edib. Okeanların istiləşməsi də buz örtüyünün əriməsinə töhfə verməkdə davam edir.
“Kopernik” mərkəzi direktorunun müavini Samanta Börcesin dediyinə görə, 2025-ci ilin fevralında da son iki ildə müşahidə olunan rekord temperatur silsiləsi davam edib.
“Tarixdə ən isti iki il 2023-2024-cü illərdir və 2025-ci ildə də bu tendensiya davam edir. Bu ilin yanvarı tarixdə ən isti ay olub, fevral ayı isə temperatura görə üçüncü yeri tutub. Orta temperatur sənayedən əvvəlki səviyyədən 1,59 dərəcə Selsi yuxarı olub, qlobal həddi 1,5 dərəcə Selsi keçib” – deyə “Kopernik”in ekspertləri qeyd edirlər.
Dəniz buzunun azalması əlavə istiləşmə effektinə malikdir, çünki buz günəş radiasiyasını əks etdirir, açıq su səthi isə istiliyi udur və qlobal istiləşməni artırır.
Alimlər qeyd edirlər ki, son iki ildə müşahidə edilən anomal yüksək temperatur antropogen istixana qazları emissiyalarının gözlənilən təsirindən kənara çıxır. Bəzi hesablamalara görə, 2023-2024-cü illərdə müşahidə olunan istiləşmə proqnozlaşdırılandan iki dəfə güclü olub.
Alimlər arasında müzakirə edilən bu sıçrayış üçün mümkün izahatlardan biri 2020-ci ildə daha sərt ekoloji qaydaların tətbiqindən sonra gəmiçilikdən aerozol hissəcikləri emissiyalarının azalmasıdır. Bu hissəciklər əvvəllər günəş radiasiyasını əks etdirirdi və onların azalması atmosferdə tutulan istilik miqdarının artmasına səbəb ola bilərdi.
Mütəxəssislər qlobal istiləşmənin sürətlənməsindən ciddi narahat olduqlarını bildirirlər və temperaturun anormal artımının səbəblərini araşdırmaqda davam edirlər.