AZ

Azərbaycan-Türkiyə münasibətləri tarixən qardaşlıq prinsiplərinə əsaslanıb - Azər Qarayev

Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıq prinsiplərinə əsaslanıb və bu əlaqələr zamanla strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Tərəflər siyasi, iqtisadi, enerji, müdafiə və mədəni sahələrdə sıx əməkdaşlıq edərək, bu əlaqələri daha inkişaf etdirirlər.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan və Türkiyə arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Bu əlaqələrin əsasını ortaq tarix, mədəniyyət və milli maraqlar təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Türkiyə münasibətləri inkişaf etməkdə davam edir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannamə təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur", - o bildirib.

Onun sözlərinə görə, iki ölkə beynəlxalq arenada da bir-birini fəal dəstəkləyir.

"Türkiyə Azərbaycanın Qarabağ münaqişəsi zamanı və 44 günlük Vətən müharibəsində göstərdiyi dəstəklə bu qardaşlığın ən bariz nümunəsini ortaya qoydu. Azərbaycan isə Türkiyənin beynəlxalq platformalarda mövqeyini gücləndirən mühüm tərəfdaşdır. Türkiyə və Azərbaycanın ortaq maraqları təkcə regional deyil, həm də qlobal xarakter daşıyır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı gücləndirir, türk dünyasının inteqrasiyasını dəstəkləyir. Bundan əlavə, BMT, NATO, ATƏT və digər beynəlxalq təşkilatlarda vahid mövqe sərgiləmək üçün sıx əlaqədədirlər", - A.Qarayev bildirib.

İqtisadi əməkdaşlıqdan danışan politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir.

"Azərbaycan və Türkiyə yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırılmasını hədəfləyir. İki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri enerji sektoru, nəqliyyat və logistika, sənaye və ticarət, həmçinin texnologiya və müdafiə sənayesidir. Energetika sahəsində çox geniş əməkdaşlıq mövcuddur, buraya TANAP, Bakı-Tbilisi-Ceyhan layihələri, üçüncü ölkələrə neft və qaz ixracı daxildir. Yaxın günlərdə də belə layihələrdən biri olan İğdır-Naxçıvan qaz kəmərinin açılışı baş tutdu. Burada Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Prezident İlham Əliyevin açılış mərasimində dediyi kimi, bu, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir hadisədir: "Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır". Bu kəmər sayəsində Naxçıvanın qaz təchizatı daha sabit və etibarlı olacaq. Daha əvvəl İran vasitəsilə qaz idxal edən muxtar respublika artıq Türkiyədən birbaşa təbii qaz alacaq. Bu layihənin əsas üstünlükləri Naxçıvanın qaz təminatının diversifikasiyası, daha aşağı nəql xərcləri və sabit enerji təchizatı, enerji sahəsində strateji əməkdaşlığın güclənməsidir. Bu layihənin reallaşdırılması energetika sahəsində əməkdaşlığımızda növbəti addımdır və belə addımlar əminəm ki, davam edəcək", - o bildirib.

Onun sözlərinə görə, eyni zamanda, iki ölkənin nəqliyyat sahəsində günü-gündən daha da inkişaf edən əməkdaşlığı var.

"Hər iki ölkə birlikdə bir sıra layihələrdə iştirak edir. Bunlara Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digərlərini aid etmək olar. Bu əməkdaşlığın növbəti mərhələsi də Zəngəzur dəhlizi olacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün: "Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi". Buna əlavə olaraq gələcəkdə Zəngəzur dəhlizinin açılması da iki ölkənin quru yolu ilə əlaqəsini təmin edəcək. Bu isə, öz növbəsində, nəqliyyat sahəsindən başqa iki ölkə arasında həm mədəni, həm humanitar, həm də insanlar arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək", - o bildirib.

A.Qarayev qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə regionda sülhün təminatçısı, inkişafın qarantıdırlar.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir: "Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik". Azərbaycan və Türkiyə yalnız strateji tərəfdaş və müttəfiq deyil, eyni zamanda regionun aparıcı ölkələridirlər. Hər iki ölkə bölgədə təhlükəsizlik və rifahın möhkəmlənməsi üçün mühüm addımlar atır, əməkdaşlıq və qarşılıqlı iqtisadi layihələr vasitəsilə regional inteqrasiyanı təşviq edir. Bu baxımdan, Azərbaycan və Türkiyənin birgə strateji təşəbbüsləri bölgədə sülhün qorunması, əməkdaşlığın genişləndirilməsi və davamlı inkişafın təmin edilməsi üçün mühüm rol oynayır. Azərbaycan və Türkiyə münasibətləri təkcə indiki reallıqlarla məhdudlaşmır, bu əlaqələrin gələcəyi daha da parlaqdır. Tərəflər ikitərəfli sərmayə layihələrinin genişləndirilməsi, müştərək silah istehsalı və müdafiə sənayesinin inkişafı, Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasının gücləndirilməsi istiqamətində yeni layihələr icra edirlər və bunu davam etdirmək niyyətindədirlər", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əlaqələr sadəcə diplomatik və iqtisadi münasibətlərdən ibarət deyil:

"Bu, qardaş xalqların ortaq tarixi və maraqları üzərində qurulmuş strateji müttəfiqlikdir. Siyasi və iqtisadi əməkdaşlığın davamlı inkişafı, yeni enerji və nəqliyyat layihələrinin reallaşması, gələcək perspektivlər bu tərəfdaşlığın möhkəmlənməsinə işarədir. Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi layihələr təkcə iki ölkə üçün deyil, bütün region üçün əhəmiyyətlidir və onların uğuru Türk dünyasının qlobal arenada daha da möhkəmlənməsinə töhfə verəcək".

Seçilən
4
1
day.az

2Mənbələr