AZ

“İndi bizim hədəfimiz ardıcıl 5-ci titulu qazanmaqdı” - Helmut Marko Ferstappenin yaxşı formada olduğunu dedi

Martın 16-da keçiriləcək Avstraliya mərhələsi ilə “Formula-1” üzrə dünya çempionatında yeni mövsümə start veriləcək.

Qələbəyə iddialılardan biri də “Red Bull”du. “Red Bull” şirkətinin avtoidman üzrə məsləhətçisi Helmut Marko start ərəfəsində bəzi sualları cavablayıb.

- “Red Bull” niyə bu il yeni maşını üçün təqdimat mərasimi keçirmədi?
- Londondakı tədbir bizə bəs edir. Görək reaksiya necə olacaq. Görmək istəyən Bəhreyndəki mövsümöncəsi testlərimizdə maşını görə bilər.

- Bu il də bütün mərhələlərdə komandanın yanında olacaqsız?
- Əlbəttə. Bərpa olunmuşam, indi əla formadayam.

- Necə bərpa olunduz?
- Adi rejimdə çalışdım, meşədə çox gəzdim, yoqa ilə məşğul oldum, bəzi təmrinləri yerinə yetirdim. Son vaxtlar veloerqometrdə də müntəzəm məşq edirəm.

- Dağ xizəkçisi Herman Mayerdən nümunə götürürsüz?
- Ondan çox şey öyrənmək olar. Hər kəs Hermanın ağır zədədən sonra idmana dönmək üçün necə mübarizə apardığını xatırlayır. Mən onun qədər intensiv məşq etmirəm.

- Maks Ferstappen nə dərəcədə intensiv çalışdı?
- O, yaxşı formadadı, Bəhreyndəki testləri gözləyir (testlər başa çatıb – red.).

- Lüis Hemilton “Ferrari”nin qırmızı uniformasında necə görünür?
- Buna öyrəşmək lazımdı, yaxşı mənzərədi.

- Bəzi tənqidçilər belə hesab edir ki, Lüisin ən yaxşı dönəmi çoxdan arxada qalıb...
- Nəticə çıxarmağa tələsməzdim. Hemilton motivasiyalıdısa, 2021-də qaldığı yerdən davam edə bilər. Ancaq bunun üçün “Ferrari”nin rəqabətədavamlı maşını olmalı, Hemilton təsnifat mərhələlərində qalib gəlməlidi.

- Hemilton hələ də Ferstappen üçün ciddi rəqibdi?
- Biz bunu yalnız testlərdən, “Ferrari”nin nə dərəcədə yaxşı olduğunu görəndən sonra biləcəyik. İstənilən halda Maks yaxşı pilotdu.

- Müqavilə müddəti 2028-ci ilə qədər olan Maksın bundan daha tez, yeni reqlament şəraitində titul qazana bilməyəcəyini anlayan kini komandanı tərk edəcəyini deyənlər haqlıdı? Bu məqam sizi narahat edir?
- Müqavilədə nəticələrlə bağlı olan şərtlər var. Güc mexanizmlərindəki geriliyi biz aradan qaldıra bilərik, ancaq trassda artıq Maks çalışmalıdı. 2026-ya hələ çox var, indi bizim hədəfimiz ardıcıl 5-ci titulu qazanmaqdı. Fettellə buna nail ola bilmədik.

- Liam Lousonun komandadakı rolu nədən ibarət olacaq?
- O, sabit şəkildə xallar qazanmalı və lazım gələndə Maksa yardım etməlidi.

Seçilən
27
football-plus.az

1Mənbələr