AZ

"Əbədi dostluğun təzahürü qürur hissi doğurur" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı uzun illərin sınaqlarından çıxıb və bu gün uğurla davam etdirilən sağlam münasibətlər dünyanın bütün ölkələri üçün bir nümunədir. Analoqu olmayan bu qardaşlığın, münasibətlərin möhkəmləndirilməsində Ulu Öndərimiz Heydər Əliyevin və Prezidentimiz cənab İlham Əliyevin, Türkiyənin dövlət rəhbərlərinin, xüsusilə Rəcəb Tayyub Ərdoğanın xidmətləri əvəzsizdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, əlbəttə, bu xidmətlər xalqlarımız tərəfindən yüksək qiymətləndirilir və canı bir, qanı bir, milli-mənəvi dəyərləri, dini, adət - ənənələri bir olan insanlar bu qardaşlıqdan qürur hissi keçirirlər.

“Cənab İlham Əliyevin Türkiyəyə səfəri və hər iki dövlətin rəhbərlərinin İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı, prezidentlərin çıxışlarında səsləndirilən səmimi ifadələr əbədi dostluğun, qardaşlığın bir nümunəsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Artıq ölkəmiz Türkiyədən başqa 11 ölkəyə qaz ixrac edir ki, onlardan da 10 Avropa dövlətidir. Hazırda ölkəmizin qaz ixracatı 25 milyard kubmetrə çatıbdır. Bakı–Tbilisi-Ceyhan, Bakı–Tbilisi-Ərzurum, TANAP kimi əhəmiyyətli neft-qaz kəmərləri layihələri Azərbaycan-Türkiyə dostluğunu möhkəmləndirən, əlaqələri saflaşdıran, iqtisadi inkişafa dəstək verən bir körpü olmaqla, digər ölkələrlə əlaqələrin möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Ramazan bayramı ərəfəsində yeni qaz kəmərinin açılışı Naxçıvanın gələcək inkişafında böyük əhəmiyyət kəsb etməklə bərabər, dostluq münasibətlərinin möhkəmlənməsinə də yeni töhfələr verəcəkdir. Bu baxımdan cənab İlham Əliyev bildirmişdir ki, bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Türkiyə ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni, ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələr üzrə imzalanan mühüm sənədlər, tərtib olunan layihələr gələcəyin uğurlarından xəbər verir. Əlbəttə, dostluğumuz, qardaşlığımız əbədidir, dönməzdir, yenilməzdir və bu birlik xalqlarımızı daha xoşbəxt gələcəyə aparır, milli maraqlarımıza, dünyada söz sahibi olmağımıza xidmət edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev
Seçilən
14
sia.az

1Mənbələr