AZ

Cənnətdə yarmarka olacaq? – İlahiyyatçı AÇIQLADI

Türkiyəli ilahiyyatçı Nihat Hatiboğlunun “Bəzi hədislərdə Cənnətdə yarmarkaların olduğuna dair məlumatlar var. Orada nə istəsəniz olacaq. Lakin qarşılığında pul verməyəcəksiniz” açıqlaması gündəm olub. Bəs görəsən, doğrudan da, dini qaynaqlarda belə bir hədis varmı?

KONKRET.az xəbər verir ki, ilahiyyatçı Tural İrfan Pravda.az-a açıqlamasında deyib ki, Cənnət və Cəhənnəmin, ümumiyyətlə, axirət aləminin tam mahiyyəti, keyfiyyəti, kəmiyyəti, məkanı insanlığa tam məlum deyil:

““Qurani-Kərim”də nə qədər məlumat verilibsə, o qədər anlamaq mümkündür. Məhəmmdə Peyğəmbərdən 200-250 il sonra yazılmış bir çox hədis kitabları var ki, orada bu məzmunda çoxsaylı hədislər, rəvayətlər mövcuddur. Həmin mətnlərin səhihliyi, tam doğruluğu birmənalı qəbul olunmur, çünki uydurma hədislər çoxdur. Axirət aləmi barədə “Qurani-Kərim” ayələrində detallar tam açıqlanmır. Bəzi ayələrin açıqlamasında İslam filosofları, İbn Sina, İbn Rüşd, Fərabi fəlsəfi yanaşmalarını ortaya qoyublar. Əsasən Əl-Kindi fəlsəfə ilə vəhyi uzlaşdırmaq prinsipini ortaya qoymuşdu və izahları fəlsəfi yöndən mümkün hesab edirdi.

Cənnət və Cəhənnəmdəki həyat, mövcudatın keyfiyyəti, eyni zamanda fiziki qanunlara uyğun olub-olmaması barədə konkret fikir demək çətindir. Çünki bu dünyanın nizam və keyfiyyətindən tamamilə fərqli bir aləmdən söhbət gedir və bu haqda da yalnız “Qurani-Kərim”in verdiyi konkret məmulatlar mövcuddur. Hətta İbn Sina kimi böyük filosof bəzi axirət məsələləri haqda fikir söyləməkdə çətinlik çəkərək məlumatın doğru şəxs tərəfindən verildiyi üçün qəbul edilməli olduğunu söyləmiş, daha o barədə şərh verməyib. Bu mənada Cənnətdə alver, yaxud bu dünyaya xas sosial həyat barədə fikir demək doğru deyil. İnsan ağlı axirət aləminin keyfiyyətini izah etməyə tam müqtədir deyil. “Qurani-Kərim”də bəhs edilir ki, Cənnətdə mömin bəndələr üçün istənilən nemətlər mövcuddur. Yarmarka, sərgi, bazar kimi ifadələrlə axirət aləmini dünyaya bənzətmək “Qurani-Kərim”in məntiqinə ziddir. Ora alver yeri deyil, nemətlərdən bəhrələnmək yeridir. İbn Sinaya görə, axirətdə diriliş ruhən ola bilər. Çünki çürümüş cəsədlər barədə onun fikri fərqlidir. Demək ki, ruhən dirilişdə də Cənnətdə qidalanma və sair dünyaya məxsus xüsusiyyətlər başqa cür olacaq. Yaxud bəzi filosoflar isə ilkin yaradılışı əsas gətirərək dirilişin həm ruhən, həm də cismən olacağını qeyd edirlər. Hər bir halda qeyd olunan mövzudakı hədislərin çoxu uydurmadır. Cənnətdəki nemətlərin maddəsi, tərkibi, ümumiyyətlə, sözügedən ali məqamın məkanı hələ heç kəsə məlum deyil. Yalnız “Qurani-Kərim”in xəbər verdiyi məlumatlarla kifayətlənib, ona iman gətirmək lazımdır. Artıq sözlər və şərhlər elmi, fəlsəfi əsası olmasa, boş cəfəngiyyatdan savayı bir şey deyil”.

Seçilən
15
2
konkret.az

3Mənbələr