AZ

İncəsənət üçün istifadə olunan çəkic, mismar, taxta və məftillər - Şabrandan REPORTAJ

Şabran, 7 mart, Elxan Yusifli, AZƏRTAC

Çəkic, mismar, taxta, rəngli məftillər və saplar... Bu materialların adları sadalananda ağıla ilk olaraq inşaat işləri gəlsə də, biz incəsənətin bir növündən danışacağıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran sakini Dəyanət Orucov 3 ildən çoxdur filoqrafiya ilə məşğuldur. Gənc filoqraf mismar, taxta, rəngli məftillər və saplardan istifadə edərək bir-birindən maraqlı əl işləri, lövhə üzərində təsvirlər hazırlayır.

İncəsənətin çox nadir hesab edilən bu növü Mərkəzi Asiyada yaranıb. Filoqrafiya əvvəllər çox sadə şəkildə işlənib. Taxta üzərində hər hansı bir fiqurun görüntüsü mismarla həkk olunub, sonra onlar sapla toxunub. Müasir dövrdə isə filoqrafların əl işləri daha mürəkkəb və rəngarəngdir.

“Filoqrafiya barədə əvvəlcə sosial şəbəkələrdən məlumat almışam. Bu sənət Türkiyədə çox yayılıb. Amma son illər unudulmaqdadır. Məşğul olan azdır. Diqqət və səbr tələb edən işdir. Bir şəkili, naxışı məftil və ya saplarla təsvir etmək üçün bəzən aylarla vaxt sərf edirəm. Təsvirin dəqiq alınması üçün lövhə üzərinə mismarları çox dəqiqliklə sancmaq lazımdır. Rəssamlığa marağım olsa da, xəyali şəkillər çəkə bilmirəm. Amma baxaraq istənilən təsviri yaradıram. Filoqrafiyada da elədir ki, hazır rəsmlərin üzərində işləməlisən. Bu vaxta kimi 50-yə yaxın əl işi hazırlamışam. Onların arasında dörd şəhidimizin portreti də var”, - deyə Dəyanət Orucov söyləyib.

İngilis dilində "xətt yazısı" mənasını verən bu incəsənət növü ilə şimal bölgəsində Dəyanətdən başqa məşğul olan yoxdur. Filoqrafiya inşaat materialları satılan mağazada satıcı işləyən bu istedadlı gəncin hobbisidir.

“İstifadə etdiyim paslanmayan yüngül çəkicləri, rəngli məftilləri, mismarları və ipləri Türkiyədən onlayn sifarişlə alıram. Təsvirləri həm iplə, həm də məftillə işləmək olur. Mən daha çox paslanmayan rəngli məftilə üstünlük verirəm. Portretləri isə saplarla işləyirəm. Hazırladığım əl işləri içərində şəhidlərimizin portretləri, həmçinin vətənpərvərlik mövzusunda təsvirlər, eləcə də təbiət mənzərələri var. Filoqrafiyaya hobbi kimi yanaşıram və bu işdən gəlir əldə etmirəm”, - deyə Dəyanət Orucov əlavə edib.

İstedadlı gəncin sözlərinə görə, filoqrafiyaya maraq göstərən ilk illərdə çətinliklərlə üzləşib. Bəzən bir mismarın yeri səhv olanda aylarla çəkdiyi əziyyət nəticə verməyib. Dəqiq təsvir üçün əvvəlcə mismarları taxtaya nizamla və səliqəli vurmaq, sonra isə aralarını rənğli məftillə hörmək lazımdır. Dəyanət bildirib ki, yeni öyrənən vaxtalarda çəkiclə barmaqlarını çox əzib. Amma indi püxtələşib və gördüyü işdən də böyük zövq alır.

Dəyanət Orucov bu günə kimi bir sıra sərgilərin iştirakçısı olub. Onun əl işlərinin bir qismi hazırda Şabran Tarix-Diyarşünaslı Muzeyində sərgilənir.

Seçilən
12
azertag.az

1Mənbələr