Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, habelə milli maraqlar və dövlətçilik naminə siyasi proseslərdə etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar edilməsi məqsədilə mütəmadi surətdə müxtəlif səpkili layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir.
Belə təşəbbüslərdən biri də dünən Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə baş tutan növbəti Qarabağ səfəri oldu. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, bir sıra politoloqlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri, eləcə də ictimai-siyasi xadimlərin iştirak etdiyi səfər çərçivəsində Xocavənd, Xocalı, Ballıca kəndi və Xankəndi şəhərində olduq. Bu ilk belə səfər deyildi amma öncəki səfərlərdən fərqlənirdi. Çünki əvvəl işğaldan azad olunmuş ərazilərimizdə olanda dağıdılmış, viran qoyulmuş yurdlarımızı, yerlə yeksan edilmiş evləri, abidələri görürdük.
İndi isə artıq bərpa olunan, insanlarımızın qayıtdığı şəhərlərimizi gördükcə qürur hissi keçirdik. Uzun illər Xocalının, Əsgəranın, Şuşanın, Laçının, Xankəndinin həsrətində olan millətimiz bu gün Ali Baş Komandanın rəhbərliyi altında öz torpaqlarına qayıtmağın qürurunu yaşayır. Səfər çərçivəsində biz işğaldan azad olunmuş ərazilərimizin iqtisadi, habelə turizm potensialı ilə də tanış olduq. Təbii landşaft, nadir təbiət, gözəl meşələr, dağlar, bulaqlar, çaylar, habelə icra olunan infrastruktur layihələri - bütün bunlar regionun inkişafı üçün zəmin yaradır.
Məsələnin digər tərəfi isə təbii ki, bu cür səfərlərin hakimiyyətlə siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın qurulması üçün yeni imkanlar yaratması ilə bağlıdır. Bu cür təşəbbüslər ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Xankəndi şəhərində iştirakçıların qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında da məlumat verdi.
Sevindirici haldır ki, bu gün siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan bütün addımlar siyasi partiya rəhbərləri tərəfindən də fəal şəkildə dəstəklənir. Bu isə etibarlı və davamlı münasibətlərin yaranması ilə yanaşı milli həmrəylik üçün də olduqca vacibdir.
Yusif Bağırzadə, politoloq