AZ

Deputat: “Qadınlar üçün yaradılan imkanlar dövlət siyasətinin prioritetidir”

 Bu gün Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 faiz, fərdi sahibkarlar arasında isə 23,3 faizdir.
Moderator.az-a  danışan deputat Pərvanə Vəliyeva deyib ki, qadınların hüquqları və onlara verilən imkanlar ölkənin inkişafında, xüsusilə də, siyasi həyatında mühüm əhəmiyyətə malikdir:
 “Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçib-seçilmək hüququnu qazanmışlar. 1918-ci ildən başlayaraq Azərbaycan qadınları sosial-siyasi həyatda öz hüquqlarını müdafiə etmiş və bu, qadınların cəmiyyətdə daha fəal iştirak etmələrinə zəmin yaratmışdır. Bu gün bu hüquqların qorunması və gender bərabərliyinin təmini ölkəmizdə hökumət və vətəndaş cəmiyyəti tərəfindən müvafiq islahatlarla davam etdirilir. Ulu Öndər Heydər Əliyev də öz hakimiyyəti dövründə ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirməyə çalışmışdır.Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdır. Azərbaycanda qadınların hüquqları həm də qanunvericiliklə qorunur. Bu hüquqların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, qadınların müxtəlif sahələrdə - iş dünyasında, siyasətdə, təhsildə və digər sahələrdə fəaliyyət göstərməsi üçün hüquqi zəmin hazırlanmışdır. Azərbaycanın beynəlxalq əlaqələrində də qadın hüquqlarının qorunması məsələsi mühüm yer tutur. Beynəlxalq təşkilatlar qadınların hüquqlarını qorumaq və onlara bərabər imkanlar yaratmaq üçün müxtəlif proqramlar, o cümlədən bu sahədə müxtəlif islahatlar həyata keçirir. Azərbaycan da bu məsələyə böyük diqqət yetirir, həm öz daxilində, həm də beynəlxalq arenada qadınların hüquqlarının qorunmasına önəm verir. Ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün bir çox Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur”.
“Həm Ümummilli Lider Heydər Əliyevin, həm də ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə qadın siyasətinin effektivliyinin təmin edilməsi məqsədilə bir çox Komitələr yaradılmış, Sərəncam və Fərmanlar imzalanmış, eləcə də Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı qəbul edilmişdir. Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara və konvensiyalara qoşulmuş, milli qanunvericilikdə qadın hüquqları mövzusunu təkmilləşdirilməsi istiqamətində Ölkə Rəhbərliyi tərəfindən uğurlu addımlar atılmışdır”,- deyə Pərvanə Vəliyeva qeyd edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
7
moderator.az

1Mənbələr