AZ

Türkiyənin İdlibdəki hərbi manevrləri: regional siyasətə təsiri və gözləntilər

Türkiyənin Suriya siyasəti çərçivəsində atdığı addımlar regionda mühüm siyasi və hərbi dəyişikliklərə yol açır.

Xüsusilə İdlib bölgəsi geosiyasi baxımdan həm Ankara, həm də digər beynəlxalq aktorlar üçün strateji əhəmiyyət daşıyır. Son hadisələr fonunda Türkiyə Silahlı Qüvvələrinin İdlibə daxil olması bölgədəki güc balansına və gələcək siyasi proseslərə təsir edə bilər.

Məlumata görə, türkiyəli hərbçilər Bab əl-Hava sərhəd-keçid məntəqəsindən İdlibə daxil olub. Bu addım, Türkiyənin Suriya siyasətində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Ankara bölgədəki təhlükəsizliyi qorumaq və milli maraqlarını müdafiə etmək məqsədilə hərbi varlığını gücləndirir. Bu prosesin regional və beynəlxalq müstəvidə hansı nəticələr doğuracağını zaman göstərəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Türkiyə Suriya ilə qonşu olduğu üçün bu ölkədə baş verən hadisələrə birbaşa təsir edən dövlətlərdən biridir:

"Suriyada uzun müddət davam edən xaos Bəşər Əsədin hakimiyyəti dövründə daha da dərinləşib, nəticədə müxtəlif dövlətlərin hərbi kontingentləri bu ölkə ərazisində müxtəlif maraqlar uğrunda savaş aparıb. Xüsusilə PKK və digər terror təşkilatları Suriyada aktiv fəaliyyət göstərib və hazırda da bu təşkilatların bazaları mövcuddur ki, bu da Türkiyə üçün ciddi təhlükə yaradır. Ümumiyyətlə, Türkiyə-Suriya münasibətləri zamanla dəyişib. Bəşər Əsədin hakimiyyətə gəlişindən sonra iki ölkə arasında isti münasibətlər formalaşmışdı. Hətta Suriyanın hazırkı hakimiyyəti Türkiyəyə rəsmi səfərlər edərək siyasi, iqtisadi və hərbi baxımdan dəstək istəmişdi".

Politoloqa görə, Türkiyənin xarici siyasəti isə hər zaman "Yurdda sülh, cahanda sülh" fəlsəfəsinə əsaslanaraq bölgədə sabitliyin bərqərar olmasına töhfə verməyə çalışır. Bu prinsip təkcə Suriya məsələsində deyil, eyni zamanda Ukrayna münaqişəsinin həlli, İsrail-Fələstin probleminin sülh yolu ilə həll edilməsi kimi beynəlxalq məsələlərdə də özünü göstərir:

"Rəsmi Ankara Suriyada sabitliyin təmin olunmasını regional təhlükəsizlik baxımından vacib hesab edir. Xüsusilə Bəşər Əsəd dövründə yaranan xaos nəticəsində milyonlarla suriyalı qaçqın Türkiyəyə pənah gətirmişdi. Türkiyə yeganə ölkə kimi bu insanlara qucaq açıb və onların problemlərinə biganə qalmayıb. Suriyada yeni qurulan hökumət hazırkı böhranı aradan qaldırmaq üçün müxtəlif qüvvələrin dəstəyinə ehtiyac duyur. Bu baxımdan, Suriyanın gələcək inkişafı Türkiyə ilə olan münasibətlərdən ciddi şəkildə asılıdır".

Azad Məsiyev: Türkiyə sərhədlərində sabitliyi təmin etmək üçün bu məsələdə prinsipial mövqe sərgiləyir

A.Məsiyev hazırda Suriyanın daxilində fəaliyyət göstərən qeyri-qanuni silahlı dəstələr və PKK terrorçularının bazalarının Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını diqqətə çatdırıb. Həmsöhbətimiz deyib ki, Ankara dəfələrlə bu terror qruplaşmalarının ləğv edilməsi üçün çağırışlar edib:

"Türkiyə sərhədlərində sabitliyi təmin etmək üçün bu məsələdə prinsipial mövqe sərgiləyir və Suriyanın daxilindəki bu düşərgələri neytrallaşdırmaq üçün hərbi əməliyyatlar həyata keçirməyə məcbur qalır. Suriyada yeni hökumət qarşısında duran problemlər çoxşaxəlidir və qısa müddətdə həll olunması çətindir. Bura iqtisadi, sosial və hərbi problemlər daxildir. Bu problemlərin həllində Türkiyənin həm siyasi, həm hərbi, həm də humanitar dəstəyi vacib amildir. Türkiyənin Suriyaya birbaşa müdaxiləsi, bölgədə stabilliyin təmin edilməsi baxımından zəruri addım hesab edilir. Çünki Suriyada fəaliyyət göstərən qeyri-qanuni qüvvələr xarici dövlətlərin maraqlarına xidmət edərək Suriyanın inkişafına mane olurlar".

Son olaraq müsahibimiz vurğulayıb ki, Türkiyə hərbi kontingentinin Suriyaya daxil olması bu ölkədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir:

"Eyni zamanda, bu addım Suriyanın sosial vəziyyətinin yaxşılaşdırılmasına və mövcud xaosun aradan qaldırılmasına yönəlmiş bir qardaşlıq və qonşuluq dəstəyi kimi qiymətləndirilməlidir. Türkiyənin bu strategiyası Suriyanın təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Əli Hüseynov

Seçilən
17
bakivaxti.az

1Mənbələr