Banklardan faizlə pul götürən zaman aylıq ödənişlərin böyük hissəsindən ilk növbədə faiz məbləği tutulur. Aylıq ödənişin yerdə qalan hissəsi isə əsas məbləğdən çıxılır
Nəyə görə kredit aylıq ödənişlərində ödənişin böyük hissəsini faizi təşkil edir? Bankların bu strategiyasının mahiyyəti nədir?
Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.
“Bankçılıqda bu, təbii ki, düzgün yanaşmadır. Bu məsələ bütün dünyada belədir. Çünki borc məbləği əvvəlcə çoxdur və buna görə də faiz də çoxdur. Borc məbləği azaldıqca faiz də azalır. Tutaq ki, mən 10 faizlə 3 illik müddətə 1000 manat borc götürmüşəmsə, deməli, birinci ayda 10 faiz faiz ödəyəcəm. Üçillik müddət 1000 manatın birinci ildə 10 faizi 100 manat edir. Növbəti illərdə isə azalaraq 500 manat təşkil etdikdə isə aylıq ödəniş 100 yox 50 manat olacaq. Nəticə olaraq deyə bilərik ki, borc məbləği nə qədər çoxdursa, faiz də o qədər çoxdur. Gərək borc azalsın ki, faiz məbləği də az olsun”.
Fidan Vəlisoy