AZ

İğdır-Naxçıvan qaz kəməri: Naxçıvanın enerji təminatı və gələcək ixrac perspektivləri

Martın 5-də  Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı keçirilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə nəhəng enerji layihələri reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, TANAP kimi boru kəmərləri Avrasiyanın enerji xəritəsini dəyişib və Azərbaycanın qaz ixracı 25 milyard kubmetrə çatıb. Yeni layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək, qaz Türkiyə üzərindən svop şəklində Naxçıvana ötürüləcək. Bu layihənin Azərbaycan-Türkiyə enerji əməkdaşlığına hansı strateji töhfələri olacaq?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu layihə uzun illər əvvəl başlayan Türkiyə-Azərbaycan enerji tərəfdaşlığının bir hissəsi və davamı olaraq qiymətləndirilməlidir:

“Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Hətta investisiya sahəsindəki əməkdaşlıqda da enerji sektoru ən yüksək paya malikdir.İğdır-Naxçıvan qaz kəməri ideya olaraq 2009-cu ildə mən SOCAR-da çalışdığım zaman Vahəddin Kərimov adlı peşəkar mütəxəssis tərəfindən SOCAR rəhbərliyinə təqdim edilmiş və həmin dövrdə bu məsələ cənab Prezidentə məruzə olunmuşdur.  Prezidentə təşəkkür edirəm ki, bu məsələnin strateji əhəmiyyətini dərhal qiymətləndirərək onun nəzarətdə saxlanılmasını və inkişaf etdirilməsini tapşırmışdır. Bu gün isə artıq biz həmin kəmərin açılışını gördük. Bu kəmər Naxçıvan Muxtar Respublikasında təkcə istehlakçıların, yəni əhalinin deyil, eyni zamanda iqtisadi təsərrüfat subyektlərinin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında mühüm rol oynayacaqdır. Günlük 2 milyon, illik 730 milyon kubmetr həcmində qaz idxalının Naxçıvana həyata keçirilməsi Naxçıvan iqtisadiyyatı üçün sözsüz ki, əhəmiyyətli addım hesab edilə bilər. 
Perspektivdə bu kəmərin gücünün iki dəfədən artıq artırılması imkanı mövcuddur. Eyni zamanda, Zəngəzur dəhlizi açıldıqdan sonra bu kəmər Azərbaycan qazını Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyədən keçməklə geriyə – Türkiyə və Avropaya nəql edə biləcək”.

Ekspert onu da qeyd edib ki, bu gün Naxçıvana qaz gətirən bu kəmər, sabah Naxçıvandan qaz ixrac edəcək:

“Azərbaycanda bir neçə qaz anbarı mövcuddur. Lakin Azərbaycanın əsas hissəsindən ayrı yerləşən Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac var. 

Çünki boru kəmərlərində müəyyən fasilələr yarandıqda – istər qaz təchizatı, istərsə də təmir və digər texniki məsələlərlə bağlı – əhalinin, xüsusilə də iqtisadi fəaliyyətlə məşğul olan təsərrüfat subyektlərinin enerji təminatının kəsilməsi ciddi problemlər yarada bilər. Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılması bu problemi sığortalaya bilər. 

Naxçıvanda məlum olduğu kimi duz yataqları mövcuddur və dünyada qaz anbarlarının yaradılması üçün duz yataqlarından istifadə edilən təbii şəraitlərdən biri hesab olunur. Əgər Naxçıvandakı duz yataqları bu məqsədə uyğun gəlməsə belə, izotermik qaz anbarlarının yaradılması mümkündür. 
Azərbaycanın bu sahədə kifayət qədər peşəkar mütəxəssisləri var və hesab edirəm ki, orta perspektivdə bu məsələyə baxılması daha məqsədəuyğun olardı”.

Leyla Turan
Demokrat.az
Seçilən
29
demokrat.az

1Mənbələr