AZ

Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrinin nəticələrini açıqlayıb.

APA-nın xəbərinə görə, Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində rekord sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb.

Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. Layihələr bir neçə mərhələdən ibarət müsabiqə prosesində nəzərdən keçirilib və Agentlik müsabiqələrin nəticəsi olaraq, 407 QHT layihəsini qalib elan edib. Onun sözlərinə görə, son 2 ildə QHT-lərin ictimai faydalılığı yüksəlib.

Qrant müsabiqələrinin nəticələrinin təhlili göstərir ki, qalib QHT layihələri ən çox sərbəst mövzu istiqamətindədir.

“Milli, ictimai və beynəlxalq əhəmiyyətli təşəbbüslər” istiqaməti üzrə 108 QHT layihəsi uğur qazanıb.

II yerdə “Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş” istiqamətidir, burada 74 QHT qalib gəlib.

“Qərbi Azərbaycana qayıdış: maddi-mənəvi irs və hüquqlar” istiqaməti də aparıcı mövqedədir, 51 QHT il ərzində bu mövzuda layihələr icra edəcək.

“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” istiqaməti üzrə 44 QHT, “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi” istiqaməti üzrə 32 QHT, “İdeoloji təhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə” istiqaməti üzrə 28 QHT, “İqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası” istiqaməti üzrə 35 QHT, “Sağlam və təhlükəsiz həyat tərzinin təbliği” istiqaməti üzrə 35 QHT il ərzində layihələr icra edəcək.

Agentlik tərəfindən qeyd olunan istiqamətlər üzrə 407 layihənin icraçı üçün ümumilikdə, QHT-lərə 4.6 milyon manat vəsait ayrılıb.

Layihələrin mövzuları ilə tanışlıq deməyə əsas verir ki, 2025-ci il ərzində QHT-lər yüksək fəallıq göstərəcək. Olduqca aktual, orijinal mövzularda layihələr təqdim olunub.

Ü. Qarayeva bildirib ki, bu il ötən illə müqayisədə QHT-lərdən daxil olan layihələrin keyfiyyəti xeyli yüksəlib, QHT-lər layihələrin tərtibinə çox ciddi yanaşıb: “Agentlik üçün layihələrin əsas keyfiyyət göstəriciləri ölçülə bilən nəticələri, hədəf auditoriyasına təsir səviyyəsi, səbəb olduğu dəyişikliklərdir. Hər bir qalib layihə ciddi monitorinqə cəlb olunacaq. Agentliyin tələbidir ki, qalib layihələr barədə QHT-lər müntəzəm əsasda ictimaiyyəti məlumatlandırmalı, ictimai hesabat verməlidir”.

Seçilən
17
1
apa.az

2Mənbələr