2024-cü ildə Ermənistan ordusunun 40 hərbi qulluqçusu müxtəlif səbəblərdən ölüb.
Bu barədə Ermənistanın hərbi prokuroru Qriqor Elizbaryan açıqlama verib. O, bildirib ki, hərbçilərdən 27-si xidməti vəzifələrinin icrası nəticəsində, 13 hərbçi isə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan şəraitdə ölüb.
Xatırladaq ki, Ermənistan ordusu hər zaman əsgər ölümlərinin çoxluğu ilə diqqət çəkib. Hələ 44 günlük Vətən müharibəsindən öncə Ermənistanda baş verən çoxsaylı əsgər ölümləri erməni cəmiyyətində ciddi etirazlara, aksiya və mitinqlərə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə Ermənistan ordusundakı anarxiya və özbaşınalıq pik həddə çatıb ki, bu da müxtəlif amillərdən – ordu sistemindəki rüşvət və korrupsiyadan, ciddi nəzarət sisteminin yoxluğundan, təminat vəziyyətinin yarıtmazlığından, dəhşətli hərc-mərclilikdən və s. qaynaqlanır.
2024-cü ildə, heç bir döyüş əməliyyatının aparılmadığı bir şəraitdə Ermənistan ordusunun 40 nəfər itki verməsi isə artıq daha ciddi mətləblərdən xəbər verir. Məlum statistika göstərir ki, bu ordu faktiki olaraq özü-özünü “yeyir”. Ermənistan ordusu öz hərbçiləri üçün ciddi təhlükə mənbəyinə - məzar yerinə çevrilib.
Ermənistan ordusundakı itkilərin sayı erməni cəmiyyətinin orduya niyə əsgər göndərmək istəmədiyini də izah edir. Ortadakı cəsədlər sübut edir ki, erməni valideynləri öz övladlarını orduya göndərməməkdə haqlıdır. Çünki onlar yaxşı başar düşür ki, öz əlləri ilə yola saldıqları övladlarının geriyə tabutda – digər hərbçilərin çiyinləri üstündə gəlməsi ehtimalı böyükdür. Məhz buna görə də əksər valideynlər müxtəlif yollarla övladlarını hərbi xidmətdən yayındırmağa, bəzi halllarda isə ümumiyyətlə ölkədən çıxarmağa çalışır.
Ermənistan ordusundakı itkilər Azərbaycan Ordusunun mövqelərini tez-tez atəşə tutan, ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirməyə çalışan Paşinyan rejimi üçün də ciddi mesaj olmalıdır. Paşinyan anlamalıdır ki, özü-özünə qənim kəsilən ordu ilə hansısa revanşist niyyətini gerçəkləşdirə, Azərbaycan qarşısında hər hansı uğur qazana bilməyəcək. İrəvan bu cür təxribatlarla ancaq Ermənistandakı hərbi qəbiristanlıqların sayını artıra bilər ki, bu da çətin ki, Paşinyan rejiminə güc və hörmət qazandırsın.
Seymur ƏLİYEV