"Qarabağ-2"nin futbolçusu Nihad Mollayevin 4 oyunluq disklafikasiya olunması barədə məlumat vermişdik. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 21 yaşlı müdafiəçi ilə bağlı tədbir görəcək. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında AFFA-nın İntizam Komitəsinin qərarı ilə bağlı apellyasiya şikayəti verməyəcəklərini bildirib.

"Apellyasiyaya verilməsi məsələsi gündəmdə deyil. Lakin futbolçu ilə hadisədən sonra profilaktik söhbətlər aparılıb. Daxili intizam qaydalarına əsasən futbolçuya xəbərdarlıq və cərimə tətbiq olunacaq", deyə A.Hacıyev qeyd edib. 

Xatırladaq ki, Nihad Mollayev "Sumqayıt"ın əvəzedicilərinə qarşı oyunda (1:1)  FIFA referisi İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadasını təhqir edib.